Nigar Köçərli etiraf edir: “Heç vaxt onunla görüşmək istəmərəm” – MÜSAHİBƏ – FOTO
25 iyul 2011 11:39 (UTC +04:00)

Nigar Köçərli etiraf edir: “Heç vaxt onunla görüşmək istəmərəm” – MÜSAHİBƏ – FOTO

Lent.az-ın “Məşhurların sevgi etirafları” layihəsinin növbəti qonağı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və kafelərinin sahibəsi, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlidir.


- İndiyə qədər bu layihədə qonaq olan müsahiblərim arasında ən gənci sizsiniz. Ona görə də sizin sevgi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Sevgi ilk növbədə inam və etibardır. Sevmək etibar etmək deməkdir. Mənim üçünsə sevgi daxili harmoniyadır. Çox adam deyir ki, sevgi ümumiyyətlə yoxdur, ya da “mən ömrümdə heç vaxt sevməmişəm”. Mən belə şeyləri anlamıram. Sevgi insan üçün çox rahat və normal haldır. Yalnız sevəndə insan xoşbəxt ola bilir. Qısası, sevgi mənim üçün işıqdır.


- O işığı birinci dəfə görəndə neçə yaşınız vardı?

- Ümumiyyətlə, mən qəribə uşaq olmuşam. 4 yaşından oxumağa başlamışam. Əlaçıydım. Olimpiadalarda iştirak edirdim. Məktəbi qızıl medalla bitirmişdim. Bizi ailədə belə böyütmüşdülər – ancaq oxumaq lazımdır, başqa heç nə. Elə belə də böyüyürdüm. Sevgi barədə düşünmürdüm. Baxmayaraq ki, romantik kitabları da oxuyurdum. Mən bilirdim ki, sevginin vaxtı var, özü nə vaxtsa gələcək. Bizim sinifdə qızlar vardı ki, qruplaşıb söhbət edirdilər. Mən onlara yaxın da getmirdim. Hətta təsadüfən yanlarına gələndə belə deyirdilər ki, mən hələ balacayam. Onların fikrincə, mən balaca idim. Çünki çox oxuyurdum. Məktəbdən çıxıb kitabxanaya gedirdim. 6 kitabxanaya üzv yazılmışdım. Ailədə də elə bir atmosfer yaradılmışdı ki, biz ancaq oxumalıydıq. Buna görə, anama minnətdaram əslində. Başa düşürdüm ki, oxumalıyam, institutu bitirməliyəm, işləməliyəm, karyeram olmalıdı, ondan sonra ailə qurmalıyam. Yəni, bu proqram üzrə qurmuşdum həyatımı. Məqsəd oxumaq idi, ailə qurmaq yox...
4-cü sinifdə oxuyanda başqa bir məktəbə keçdim. Bu, mənim üçün böyük bir stress oldu. Çünki o biri məktəbi çox sevirdim, yeni məktəbdə heç kimi tanımırdım hələ. Təzə sinfimdə bir oğlan vardı, onunla dostlaşdım. Çox gözəl oğlan idi – sarı saçları, mavi gözləri... Biz bir-birimizə çox bağlandıq. Əsas bağlılığımız riyaziyyat idi. İkimiz də oturub misallar, tapşırıqlar həll edirdik. Amma o, səkkizinci sinifdə başqa məktəbə köçdü. Və mən onu o vaxtdan sonra bir də heç vaxt görmədim. Mənə elə gəlirdi ki, bu, sadəcə dostluqdur. Yalnız tələbəlik illərində anladım ki, ona olan hisslərim sevgi imiş.


- Bəs oxuduğunuz o qədər kitablar içində hansısa qəhrəmana vurulmamışdız heç? Ya da düşünürdüz ki, gələcək həyat yoldaşınız filan qəhrəman kimi olmalıdır?

- Mən “Ovod” əsərini çox sevirdim. Dəfələrlə oxumuşam o əsəri. Ovod inqilabçı, mübariz, döyüşkən biridir. O, mənim üçün bir qəhrəman idi. Məncə, hansı qız o əsəri oxuyubsa, mütləq ona vurulub. Əlbəttə, mən də həmişə arzulamışam ki, nə vaxtsa ona bənzər bir kişiyə rast gəlim. Amma yenə deyirəm, heç vaxt tələsmirdim. Bir şeyi də qeyd edim ki, həqiqətən də ailədən çox şey asılıdır. Anam, atam heç vaxt demirdi, işarə də vurmurdu ki, 18 yaşında ərə gedəcəksən və s. Ailədə belə söhbətlər olmayıb ki, ümumiyyətlə, ərə getmək lazımdır. Ona görə də çox rahat idim. Məktəb və tələbəlik illərim elə gəlib keçdi ki, heç özüm də bilmədim, sanki bir göz qırpımında, bir nəfəs kimi... Heç kimə baxmırdım. Özümə də qəribə gəlir. İndi hansısa oğlan deyəndə ki, biz sizinlə paralel siniflərdə oxumuşuq təəccüblənirəm. Çünki onu görməmişəm. O vaxtlar nə kiməsə salam verirdim, nə də kiməsə baxırdım.


- Bəs tələbəlik illərində sizi sevən olmayıb heç?

- Maraqlananlar vardı. Məsələn, bir oğlan daim mənə məktublar göndərirdi. Amma yalnız məktub yazırdı, vəssalam. Çox romantik məktublar idi.

- Bilmirdiz kimdi?

- Yox, bilmirdim. Başqa biri məktubu gətirib mənə verirdi və yox olurdu. Bu, mənə qəribə gəlirdi. Elə bilirdim ki, bunlar məni məqsədimdən yayındırmaq üçündür. Amma çox qəribə və qeyri-adi bir hal idi. Çünki o məktublarda mənim gündəlik həyatım vardı. Yəni, elə şeylər yazırdı ki... Məsələn, “bu gün sən filan auditoriyaya girdin, filankəslə danışdın” və s. Artıq məndə elə bir hiss yaranmışdı ki, o, məni izləyir. O məktublarda təhqiredici heç bir şey yox idi. Sadəcə, məni müəyyən qədər narahat edirdi. Çünki bilmirdim yazan kimdi.


- Bəlkə tələbə yoldaşlarınızdan biri idi?

- Yox, tələbə yoldaşlarımdan deyildi. Çünki onların hamısını əzbər tanıyırdım. Biz çox yaxın idik. İndi də dostluq edirik. Elə şeylər yazırdı ki, anlaya bilmirdim, bunları hardan bilir, məni necə görür. Sadəcə başa düşürdüm ki, o insan həmişə mənim ətrafımdadır və məni izləyir. Sonra mən bunu tələbə yoldaşlarıma danışdım. Onlar da dedilər ki, gəlin o adamı tapaq, görək o kimdir. Amma eləcə də naməlum qaldı... İnstitutu bitirəndən bir il sonra mənə bir zərf göndərdilər. Açdım gördüm gündəlikdir. O gündəliyi vərəqləyəndə dəli oldum. Mənim demək olar ki, birinci kursdan sonuncu kursa qədər bütün gündəlik həyatım dəqiqliklə orada yazılmışdı. “Bu gün filan paltarda idi”, “bu gün filan müəllimlə danışdı”, “bu gün kədərli idi, ya da gülürdü”, “bu gün mənə baxdı, amma görmədi” və s. Elə də anlamadım kimdi o.


- O gündəliyi saxlayırsız?

- Hə, məndə qalır. Bir ara fikrim vardı nə vaxtsa onu kitab şəklində buraxım. Əlbəttə onun üçün də müəllifin icazəsi lazımdı. Amma çox qeyri-adi bir şeydi. O gündəliyi axıra kimi oxudum. Axırıncı cümləsi o idi ki, “bu, mənim sonuncu cümləmdir. Mən daha yazmayacam. Bu kitabı sənə bağışlayıram”. Və kitabı mənə poçtla göndərdi. Qəribədir... Anlamadım o kimdi, nəçidi. Bəlkə də o gözləyirdi ki, ilk addımı mən atmalıyam, tanışlıq üçün təşəbbüs göstərməliyəm. Mən özümə romantik bir çevrə yaratmışdım. Və mənə elə gəlirdi ki, bu hal gizli, bir sirr olaraq qalmalıdır. Kim idi o, nə istəyirdi, o məktubları niyə yazırdı, gündəliyi niyə tutmuşdu – indiyə qədər də anlamadım. Mənə elə gəlir ki, bütün sirlər axır-əvvəl açılır. Yəqin ki, bu sirr də nə vaxtsa açılacaq... Artıq bu, mənim üçün o qədər də önəmli deyil. O vaxt isə qeyri-adi, qəribə idi. Amma yaxşı ki, elə belə də bitdi. Sonradan peşman olmadım. Bəlkə də onu görsəydim, peşman olardım. Bəlkə də o, bunu anladığı üçün mənə yaxın da gəlmədi. Mən axı özümə heç vaxt inanmırdım. Hesab etmirdim ki, gözələm, ağıllıyam. Bəlkə mən də qorxurdum ki, o məni yaxşı tanısa, peşman olacaq. Əslində anam da mənə bir dəfə dedi: “Bilirsən o, səni niyə sevir? Çünki səni yaxşı tanımır”.
Anamın möhtəşəm yumor hissi var (gülümsünür). Bəlkə indi də sevir məni, bilmirəm.



- Heç təxmin də etmirsiz ki, o, kim ola bilər? Çünki ev ünvanınızı bilirsə, deməli sizi yaxşı tanıyan adam olub.

- Yüz faiz tələbə yoldaşım deyildi. Sonradan bildim ki, mənim ev ünvanımla kimsə maraqlanırdı. Kimsə kiməsə zəng vurub məni soruşurdu. Kimsə kiməsə deyirdi ki, Nigarı axtarırlar. Hətta dedilər ki, o zərf xaricdən gəlib. Arada dostlarım mənə işarə vurdular ki, deyəsən, onu tapmışıq, xaricdə yaşayır, ola bilsin odu. Sadəcə mən bu zənciri izləmək istəmədim. Onlara da dedim ki, mənə bu barədə heç nə deməyin, ad da çəkməyin, bilmək istəmirəm, o kimdi. Qoy elə belə də qalsın, sirr olaraq.


- Niyə bilmək istəmirdiz? Bəlkə tanısaydız, hər şey dəyişərdi, taleyinizi elə onunla bağlayardız?

- Yox, əgər o, mənim taleyim idisə, elə o da olardı. Mən fatalistəm - əgər nəsə olmalıdırsa, deməli mütləq olacaq. Mənə elə gəlir ki, bu hadisənin gözəlliyi də elə bundaydı - sirr olaraq qalmasında. Çox romantik bir şey idi. Bəlkə də nə vaxtsa bunun əsərini yazaram. Məndən həmişə soruşurlar ki, özümü niyə yazmıram? Axırda deyəsən elə özümdən yazası olacam. Daha uzağa getmək lazım deyil (gülür).


- Nə vaxtsa qarşınıza çıxıb desə ki, o adam mənəm, necə reaksiya verərsiz?

- Heç vaxt onunla görüşmək istəmərəm. Yəqin ki, indi yekə qarnı var, saçları tökülüb.


- Bəlkə düşündüyünüzün tam əksi olaraq, yaraşıqlı kişidir...

- Yox, mən belə şeylərə inanmıram. Qoy bu, elə nağıl olaraq qalsın.


- Doğrudan da çox maraqlı hadisədi... Bəs siz özünüz tələbə vaxtı heç sevməmisiz?

- Yox, heç. Mən 1993-cü ildə instituta qəbul olunmuşam. Biz BDU-ya test üsulu ilə qəbul olunan ilk tələbələrdik. Çox kasıb idik, pulumuz yox idi. Rüşvət vermirdik. Biz sanki bir inqilab etdik. Bizə qədər tələbələrin çoxu universitetə tapşırıqla girirdi. Biz isə ancaq oxuyurduq. Hətta indiki qızlar kimi, bəzənib düzənmirdik. Yadımdadı, o vaxt valideynlərim mənə Türkiyədən qəşəng bir gödəkcə alıb göndərmişdilər. Mən onu bir dəfə də instituta geyinmədim.


- Niyə?

- Çünki tələbə yoldaşlarım çox kasıb idilər. İstəmirdim, özümü onların yanında göstərim. İndi belə şeylər qəribə görünə bilər. Amma o vaxt mənim üçün çox normal bir hal idi. Biz çox kasıb geyinirdik. Hamımız bir-birimizə dəstək verirdik. Yalnız oxumaqdı fikrimiz, sağa-sola baxmaq, yox, sevgi yox! Sonradan anladım ki, bəlkə də tələbə yoldaşlarımız arasında kimsə kimisə sevirmiş. Amma etiraf etmirdilər. Biz hələ də dostluq edirik, görüşürük, bir-birimizin evinə gedirik.


- Yaxşı, onda siz nə vaxt sevmisiz?

- Əslində mənə elə gəlir ki, ilk sevdiyim oğlan elə o məktəb yoldaşım olub. Hətta tələbəlik illərində də məni onu tez-tez düşünürdüm. Gözləyirdim onu sanki. Özü xaricdə yaşayırdı. Bacısı ilə də dostluq edirdim. Sonradan başa düşdüm ki, bəlkə də bacısı ilə dostluq etməyimin özündə bir umacaq varmış. Fikirləşirdim ki, bəlkə o, nə vaxtsa qayıdacaq. Axırıncı dəfə 8-ci sinifdə görüşmüşdük. Məndə o oğlanla bağlı bir ideal vardı. Onu çox gözləyirdim. Fikirləşirdim ki, nə vaxtsa qayıdıb gələcək. Həmin illər beləcə gəlib keçdi. Bir də ayıldım ki, ona qarşı sevgi varmışsa da, uşaq sevgisiymiş... Mən artıq tələbə illərində işləməyə başlamışam. İlk dəfə ikinci kursda bir neçə tələbə yoldaşımızla yığışıb, salatlar, blinçiklər bişirib bağlama edib satışa verirdik. Yavaş-yavaş pul qazanmağa başladıq. Sonra mən ingilis dilini öyrəndim, xarici şirkətlərin nümayəndəsi oldum. Bir müddət sonra gördüm ki, bezmişəm belə işləməkdən - kiməsə xeyir gətirməkdən. Günlərin birində rəfiqəm dedi ki, niyə kitab almağa bu qədər pul sərf edirsən? Ondansa özünə kitab biznesi qur. Beləcə, 2001-ci ildə ilk dükan açıldı. Elə həmin il idi. Bir gün satıcım xəstələndi. Məcburən özüm onun yerinə işə çıxdım. Hər şey də elə həmin gün baş verdi. Dükana iki oğlan girdi. Gördüm öz aralarında nəsə danışıb gülürlər. Ola bilsin elə mənə gülürdülər. Yaxınlaşdım ki, nə lazımdı, sizə köməkçi olum. Dedilər, “çox sağ olun, xanım. Onsuz da pulumuz yoxdur, heç nə almayacağıq”. Yarım saatdan sonra 50 manatlıq kitab alıb getdilər (gülür). Və mən onlardan birini bəyəndim. Özlüyümdə düşündüm ki, yəqin ki, o oğlan qayıdacaq. Həqiqətən də bir həftədən sonra təsadüfən dükanda görüşdük. Demə, bu bir həftə ərzində o, hər gün gəlib məni soruşub gedirmiş, amma mən olmurdum. O, elə bilirdi ki, satıcıyam. Mənim e-mailimi soruşdu. Dedi, “mən özüm də yazıram. Sizə bir yazı göndərəcəm”. Dedim, yaxşı, göndərsin baxım. Mənə balaca bir hekayə göndərdi. Sevgi hekayəti idi, kədərliydi. Oxudum və xoşuma gəldi. İçimdə maraqlı hisslər oyatdı. Məndə belə bir stereotip var. Əksər savadlı qızlarda var, məncə. Qızlara elə gəlir ki, əgər oğlan bütün vergülləri yerinə düzgün qoyursa, qrammatik səhvləri yoxdursa, deməli, bu, ağıllı oğlandır (gülüşürük). Əslində heç elə deyil. Gördüm ki, bütün vergüllər yerindədi. O vergüllərin hamısının yerində olmasına vuruldum. Məndə maraq oyandı. Beş dəfə o hekayəni oxudum, bir dənə səhv tapmadım. Ona cavab yazdım ki, hekayə xoşuma gəldi. Bundan sonra başladıq yazışmağa. Kitablardan, ədəbiyyatdan danışırdıq. Maraqlı sözlər tapırdıq. Və təbii ki, gözləyirdim, məni görüşə dəvət etsin. Nəhayət ki, çağırdı. Mən də bəzənib düzənib getdim. İlk görüşümüz qəribə oldu. Çox yaxşı hazırlaşmışdım o görüşə. İstəmədim elə bilsin ki, mən tənhayam, heç kəs mənə baxmır, heç kəsə lazım deyiləm və o, gələn kimi mən ona qaçdım. Ona görə də bir dostumdan xahiş etdim ki, saat 6-dan 8-ə kimi hər 15 dəqiqədən bir mənə zəng eləsin. Mən də hər danışanda ayrı-ayrı rəfiqələrimin adını çəkdim. Guya mənim həyatım qaynayır, kimlərsə məni axtarır. İlk görüşüm bax, belə oldu.


- İlk görüşünüz tanışlıqdan neçə ay sonra baş tutdu?

- 5-6 ay sonra. Görünür, o da, mən də dözümlü olduq. Nəsə o da tərəddüd edirdi, bəlkə də qorxurdu. Mən də başa düşdüm ki, o, çox maraqlı insandı. Ən azı ona görə ki, özünü çox sanballı, səviyyəli aparırdı. Artıq-əskik söz yazmırdı. Ən əsası isə bütün vergüllər yerində idi (yenə gülürük). Ondan sonra başladıq görüşməyə. Birdən-birə anladım ki, hədsiz vuruldum o insana, çox sevdim onu. Məncə, o, mənə bu dərəcədə bağlı deyildi. Mən daha çox vuruldum. Bəlkə ona görə ki, mən qadınam. Ya da ona görə ki, o vaxta qədər belə bir təcrübəm olmamışdı. Birdən-birə üstümə bir daş kimi düşdü və anladım ki, artıq batdım. Çox sevirdim onu. Başımı itirmişdim. Hardasa üç aydan sonra mən artıq əmin idim ki, onunla ailə qurmaq istəyirəm, ondan uşağımın olmasını arzulayıram. O isə bir az soyuq idi. Yavaş-yavaş isinirdi. Artıq bir il olardı. Bilirdim, onu çox sevirəm, başa düşürdüm ki, o da məni sevir. Mən istəyirdim hər gün görüşək. O deyirdi, “yox, işim var”. Buna baxmayaraq, yenə də görüşürdük, teatra, kinoya gedirdik.


- Amma sevirəm deməmişdi?

- Yox, sevirəm demirdi. Hətta mən artıq başa düşdüm ki, sevirəm bir tərəfə, evlənmək istəyirəm onunla. Nə isə ki, ideal biriydi. Düzdür, Ovod kimi deyildi, döyüşkən, mübariz olmadı. Amma çox savadlıdı. Vergül məsələsi isə məni dəli elədi (zarafata salır). Sonradan mən ondan soruşdum ki, ilk dəfə məni görəndə sənə necə təsir bağışladım? Mənə elə gəlirdi ki, çox eleqant idim. O isə dedi ki, “mən səni ilk dəfə dükanda görəndə elə bildim ki, 40-50 yaşın var, kitabxanaçıya oxşayırdın”. Mən bunu eşidəndə şokdaydım. Halbuki elə bilirdim, mənim simamda gözəl bir qadın görüb. Nə isə... Anladım ki, artıq özümü itirmişəm, ona ərə getməliyəm, ondan uşağım olmalıdır. Və mən özüm birinci dəfə ona evlənmək təklif etdim. O da nəsə söhbəti fırlatdı. Təbii ki, pis oldum, çox incidim. Dedim yaxşı, baxarıq. Bir aydan sonra yenə həmin söhbəti qaldırdım, yenə məni “azdırdı”. Üçüncü dəfə də təklif etdim, yenə eyni şey oldu (gülürük). Gördüyünüz kimi, çox məqsədə uyğun insanam. Və mən beləcə üç dəfə ona evlənmək təklifi irəli sürdüm, amma heç biri alınmadı. Artıq məndə depressiya halları başladı. İçimdə nəsə dağıldı elə bil. Bu münasibətlərimizin axırını görmədiyim üçün dedim gəl ayrılaq. Mənim üçün məqsəd o idi ki, karyeramı qurmuşam, hər şeyim var, bircə ailəm yoxdu. Sadəcə məndə qəribə hiss yarandı ki, niyə mənimlə evlənmək istəmir. Sonradan anladım ki, yəqin səbəb onun məndən iki yaş kiçik olması idi. Azərbaycan kişisi kimi qadının yaşca böyük olması onun üçün önəmli idi. Hətta evlənməyə də fikri yox idi. Mənim 26 yaşım vardısa, onun hələ 24 yaşı vardı. Bu yaş da kişi üçün erkən evlilik sayılır. Amma mənə də evdə də təzyiq etmirdilər. Düzdür, istəyənlər vardı, gəlib baxırdılar, təklif edirdilər, amma əhəmiyyət vermirdim... Mən heç vaxt gözəl deyildim, bunu yaxşı başa düşürdüm. Kişilər məni küçədə görəndə başlarını çevirib arxamca baxmırdılar. Belə şey olmurdu. Yalnız danışanda təsir edə bilirəm.


- Axırı necə oldu?

- Ayrıldıq. Amma ayrılıq çox sürmədi. Hardasa iki ay. Sonra yenə barışdıq. Öz-özümə dedim ki, yəqin mən hardasa yanılıram, hisslərim düzgün deyil. Seviriksə, yalnız sevək, başqa heç nə. Amma başa düşürdüm ki, bu insan mənim üçün tam idealdır, dəyərlərimiz eynidir. O da kitabları sevir, təmiz insandı, ağıllıdı. Bilirdim ki, anam-atam da onu sevəcək. Yenə görüşməyə başladıq. O zaman yaxşı bir hadisə baş verdi. Bacısı eşitdi ki, iki ildir, görüşürük. Mənimlə tanış olmaq istədi. Görüşdük. Bacısı məni bəyəndi. Onda sonra nə baş verdi heç özüm də bilmədim. Heç evlənmək də təklif etmədi. Bir də gördüm ki, artıq ailə qurduq (Elə bu əsnada Nigar xanımın həyat yoldaşı İsmayıl İmanov gəlib çıxdı. Nigar xanım yenə zarafatından qalmadı). Bu da o. İndi belə olmağına baxmayın. O vaxt çox qəşəng idi (gülür). Və birdən birə evləndik. Keçən ay 7 ilimiz tamam oldu. 7 ildir ki, evliyik, təsəvvür edirsiz?! Özüm də dəli oluram.


- İstəyinizə nail olduz, evləndiz. Sonra peşman olmadız ki?

- Əvvəl-əvvəl çox çətin idi. Amma müsbət cəhət o idi ki, mən ərə gedəndə 28 yaşım vardı, uşaq deyildim, çox şeyləri dərk edirdim. Buna baxmayaraq ilk iki il çox çətin oldu. 18 yaşında ərə gedəndə o qədər də formalaşmış sayılmırsan. Amma 28 yaşlı adam artıq tam formalaşmış sayılır, onun öz baxışları, öz dəyərləri, öz çevrəsi, dostları var. Əlbəttə, yoldaşım çox şeyləri qəbul etmədi. Dostlarımı yavaş-yavaş “sıradan çıxardı”.


- Tipik Azərbaycan kişisi kimi...

- Hə. Tipik Azərbaycan kişisi dostlardan, rəfiqələrdən başlayır. Bir-bir hamısını yığışdırdı. Axşam evə vaxtında gəlmək lazımdı və s. Onun öz baxışları vardı, mənim öz. İlk bir neçə ili bir-birimizə böyük problemlər yaşadırdıq. Bəzən bir-birimizi anlamırdıq. Amma banal da olsa, sevgi olandan sonra hər şey asan olur. Başa düşürsən ki, üstündən keçməlisən. İndi isə sakitlikdir, harmoniya içində yaşayırıq. Artıq bir-birimizi yaxşı tanıyırıq və başa düşürük. Hətta ağlıma hansısa fikir gələndə mən dilə gətirməmiş o, məndən qabaq deyir. Ən əsası isə bir-birimizə hörmət edirik və sevirik. Bu, ailəyə güc verir. Uşaq da ailəni çox birləşdirir. Bizim qızımız üç ildən sonra dünyaya gəldi. Özü də gözlənilməz şəkildə. Biz hələ bir neçə il uşaq planlaşdırmırdıq. Bir-birimizi tanımaq, dünyanı gəzmək istəyirdik. Avropa dəyərləri daha üstün idi, nəinki Azərbaycan ənənələri. Uşağı necə saxlamaq təcrübəmiz yox idi. Anam, qaynanam kömək edirdi. Amma əvvəl problemli oldu. Uşaq gecələr yatmırdı, əsəbiləşirdim. Bütün bu vəziyyəti qeyri-adi edən mənim iş adamı olmağımdır. Hətta uşaq doğulandan bir həftə sonra mən artıq işə çıxırdım. Doğum evində belə mənə zəng vururdular. Heç kim mənimlə eyni palatada qalmaq istəmirdi. Bütün günü telefonla danışırdım. Amma uşaq insanın həyatında bir nizam-intizam yaradır. Əslində yoldaşım da bir uşaq kimidi. Çox ərköyündü. Yazıçı kimi isə çox kədərlidir. Romantik, kədərli, depressiv şeylər yazır. Daim onun əsərlərində kimsə ölür, ya da intihar edir. Çox kədərli gözləri də var. Yəqin ki, mən ilk növbədə elə onun gözlərinə, baxışlarına vurulmuşam. Bütün dünyanın kədəri onun gözlərində var. Əsərləri də belədir. Bir dəfə onun bloqunda anonim yazmışdılar ki, İsmayılın əsərlərini oxuyanda başa düşürsən ki, Nigarla çox bədbəxtdir (gülür).


- Yoldaşınız sizə xəyanət edib?

- Yox, etməyib. Mənə elə gəlir ki, xəyanət etmiş olsaydı, bunu bilərdim. Əksər qadınlar deyir ki, bundan sığortalanmaq olmur, lap eləsə də, bunu bilməzsən. Amma mənə elə gəlir ki, hiss edərdim. Bilirsiz, niyə deyirəm etməyib? Ona görə yox ki, mən gözələm. Əsas səbəb odur ki, tənbəldir. Bunun üçün əziyyət lazımdır, gərək tanış olasan, münasibət qurasan.


- Çox arxayın danışırsız. Bəs bilsəz ki, sizə xəyanət edib, neynərsiz?

- Bağışlayacam. Baxmayaraq ki, mənim belə bir döyüşkən xasiyyətim var, bağışlayacam. Mənə elə gəlir ki, belə şeylərdə müdrik olmağa başlamışam. Məncə, normal baxaram.


- Bu sözlərinizlə, yoldaşınıza rəvac vermiş olursuz ha.

- Hə, ayağı yer alacaq. Bir də gördün dedi ki, özün bütün respublikaya etiraf etmisən ki, normal baxacam. Əlbəttə ki, xəyanət xoş şey deyil. Əgər insanlar bir-birinə xəyanət edirlərsə, onda niyə birlikdədirlər? Əgər xəyanət varsa, deməli arada böyük boşluq var. Belədirsə, bərabər qalmağın nə mənası? Mən belə şeylərə rahat baxıram. Hesab etmirəm ki, uşağa görə dözmək, özünü qurban vermək lazımdır. Amma hələ belə şeylər barədə düşünmürəm. Həyatımda hər şey yaxşıdı, qarşılıqlı sevgi, hörmət və harmoniya içində yaşayıram. İndi də sevirəm. Amma rahat sevirəm...

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3127

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47