Lənkəranda baş verən qətlin təfərrüatları məlum olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 19 yaşlı Tosif Nəsirovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 30 yaşlı Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***
Saat: 10:17
Daxili İşlər Nazirliyi Lənkəranda baş verən qətllə bağlı məlumat yayıb.
Nazilrikdən Lent.a-za verilən xəbərə görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 19 yaşlı Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla Lənkəran şəhər sakini, 30 yaşlı Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.
Araşdırmalar davam etdirirlir.
***
Saat: 01:24
Lənkəranda tələbələr arasında kütləvi dava olub.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.
İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.