Şəkidə silahla ehtiyatsız davranan kişi ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Oxud kəndi ərazisində 42 yaşlı kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.
İlkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.