Rusiyanın Orenburq vilayət məhkəməsi Zaur Naxçıvanski ləqəbli 40 yaşlı “qanuni oğru” Zaur Şipilovun cinayət işinə baxacaq.
Lent.az-ın məlumatına görə, kriminal avtoritetə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında ali mövqe tutma) ilə ittiham irəli sürülüb. Həmin maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə və 5 milyon rubla qədər cərimə nəzərdə tutur.
Prokurorluğun məlumatına görə, Şipilov 2019-cu ilin aprelindən 2025-ci ilin iyulunadək Orenburq vilayəti ərazisində cinayət iyerarxiyasında ali mövqe tutaraq kriminal təsir göstərib. O, kriminal mühit liderlərinin görüşlərində şəxsən iştirak edib, cinayətkar həyat tərzi sürən şəxslər arasında mübahisələri həll edib, əhali arasında kriminal ideologiyanı yayaraq cinayət aləmində qəbul olunmuş ənənə və qaydaları təbliğ edib, onların icrasına nəzarət edib.
Polisin məlumatına görə isə Zaur Şipilov 2013-cü ildə Türkiyə ərazisində olarkən “qanuni oğru” statusu alıb. İstintaq hesab edir ki, bundan sonra Zaur Naxçıvanski Orenburq vilayətində kriminal mühitə rəhbərlik edib.
“Qanuni oğru” 2025-ci ilin iyulunda həbs edilib. Məhkəmə təqsirləndirilən şəxsə və onun ailəsinə məxsus ümumi dəyəri 13 milyon rubldan artıq olan əmlak üzərinə həbs qoyub.
Zaur Şipilov 18 oktyabr 1985-ci ildə Orenburqda anadan olub. Onun atası kriminal avtoritet Bayram Talıbov 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarovla birlikdə güllələnərək qətlə yetirilib.
Xatırladaq ki, Zaur Şipilov Rusiyanın bir nömrəli "qanuni oğru"u Şakro Molodoyun istəyi ilə Rusiyadakı azərbaycanlı kriminal dairələrin rəhbəri seçilib.