Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı ölkəyə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb. Nəticədə qanunsuz dövriyyədən 72 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 1427 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Baş İdarəyə Masallı rayon sakinləri Ramiz İbadov və tanışı Cavidan Əlizadənin ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə ifşa edilib. Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə qəbul edib paytaxt ərazisində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları saxlayıblar. Onların üzərinə, həmçinin yaşayış ünvanlarına, eləcə də Ramiz İbadovun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı ümumilikdə 72 kiloqram, o cümlədən 50 kiloqram heroin, 22 kiloqram metamfetamin 1427 ədəd narkotik tərkibli dərmanlar aşkar edilib. Qeyd edək ki, narkotik tərkibli dərmanların bir hissəsi maye formasında olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Beynəlxalq narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki dayaqlarının müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.