Gəncədə cibgirlik və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvəllər dəfələrlə məhkum olunmuş, Sahib Hüseynov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin müxtəlif vaxtlarda vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul oğurladığı müəyyən edilib.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.
İdarə əmkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda ümumilikdə 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlaması məlum olub.
Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat dəyərində elektrik qurğularını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Atəş paşayev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə oğurluq etməkdə şübhəli bilinən Asim Quliyev saxlanılıb. Araşdırmalar zamanı onun su sayğacı, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vurması müəyyən edilib.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.