Vergilər Nazirliyi 11150 səyyar vergi yoxlaması keçirib
14 yanvar 2013 10:57 (UTC +04:00)

Vergilər Nazirliyi 11150 səyyar vergi yoxlaması keçirib

2012-ci ildə Vergilər Nazirliyi tərəfindən ümumilikdə 11150 vergi ödəyicisində, o cümlədən 7075 hüquqi və 4075 fiziki şəxsdə səyyar vergi yoxlaması başa çatdırılıb ki,  bu da 2011-ci illə müqayisədə 15,9 faiz azdır. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. 2011-ci ildə faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin 6,2% səyyar vergi yoxlaması ilə əhatə edilmişdisə, 2012-ci ildə bu göstərici 4,8% olub. Səyyar vergi yoxlamalarının 74,1 faizi növbəti yoxlamalar, qalanı isə növbədənkənar səyyar vergi yoxlamaları olub və bu yoxlamaların əksəriyyətində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib.

Hesabat dövründə başa çatdırılmış yoxlamalar üzrə büdcəyə ümumilikdə 612,9 milyon manat əlavə hesablanıb ki, bunun da 51,2%-nii əlavə hesablanmış vergi məbləği, 48,8%-ni isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası və faizlər təşkil edib. 2011-ci illə müqayisədə 2012-ci ildə əlavə hesablanmış vergi məbləği 24,5 %, maliyyə sanksiyası və faizlər üzrə məbləğlər isə 10,1 % artıb. Ümumilikdə 2011-ci illə müqayisədə 2012-ci ildə başa çatdırılmış səyyar vergi yoxlamalarının sayının azalmasına baxmayaraq, hesablanmış əlavə vəsaitin məbləği 17 faiz artıb. Büdcəyə hesablanmış əlavə vəsaitin 56,5%-i növbəti yoxlamaların, 43,5%-i isə növbədənkənar yoxlamaların payına düşür.

Hesabat dövründə səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği 2011-ci illə müqayisədə 39,2% artaraq 55 min manat təşkil edib. Yoxlamalar zamanı əlavə hesablanmış məbləğin 40,7%-i ödəmə mənbəyində tutulan verginin (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla), 27,9%-i əlavə dəyər vergisinin, 9,5%-i mənfəət vergisinin, 4,2%-i muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, 17,7%-i isə digər vergilərin payına düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar