Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevral ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4591 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
2607 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 598 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 182 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 525 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 507 vergi ödəyicisi tərəfindən 1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1004 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 199 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.