Samir Şərifov xarici maliyyə institutlarını Azərbaycana çağırdı
21 iyun 2013 11:32 (UTC +04:00)

Samir Şərifov xarici maliyyə institutlarını Azərbaycana çağırdı

Son 10 il ərzində Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 8% artıb.

Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafda sıçrayışa nail olub və hazırda iqtisadiyyatın 80%-dən artıq hissəsi özəl sektorun payına düşür. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkələrinin biznes forumunda Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Azərbaycanın makroiqtisadi stabillik əldə etdiyini xatırladan nazir onu da qeyd edib ki, son illər ərzində ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində investisiya yatırılıb. Təkcə mədən sənayesinə 47 mlrd. dollar investisiya yönəldilib.

S.Şərifov həmçinin bildirib ki, Azərbaycan növbəti illərdə də iqtisadiyyatın diversifikasiyası və şaxələndirilməsi istiqamətində tədbirləri davam etdirəcək, gələcək 10 ildə ölkə iqtisadiyyatını 2 dəfə artıracaq, nəqliyyat, logistika və informasiya texnologiyaları kimi sahələri inkişaf etdirəcək.

Nazir Azərbaycanda enerji daşıyıcılarının xarici bazarlara nəql edilməsi üçün infrastrukturun inkişaf etdirilməsi məsələsinə toxunaraq bildirib ki, bu, ölkənin xarici ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq. Təkcə ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 21% artıb.

Maliyyə naziri xarici maliyyə institutlarını Azərbaycanda kiçik və orta biznesi kreditləşdirməyə çağırıb və qeyd edib ki, Bakıda keçirilən biznes forum çərçivəsində QDTİB və Azərbaycanın bir neçə bankı arasında bu sahədə kredit müqavilələri imzalanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar