Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb. “Azərkosmos” ASC-dən Lent.az-a verilən məlumata görə, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, Qırğızıstanın digər kanalları da Azerspace-1 peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
Qeyd edək ki, qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.az internet səhifəsindən ala bilərsiniz