Maliyyə Nazirliyində 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib. İclasda 2013-cü il dövlət büdcəsinin bütün parametrləri üzrə icrasının təmin olunması, vəsaitlərdən daha da səmərəli istifadə edilməsi və nəzarətin gücləndirilməsi, 2012-ci il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.
Kollegiya iclasında “Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının icrası üzrə Maliyyə Nazirliyinin 2013-cü il üçün Tədbirlər Planları barədə” məsələ də müzakirə olunub. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, vətəndaş müraciətlərinə baxılması, vaxtaşırı vətəndaşların qəbul edilməsi, onların ərizə və şikayətlərinə baxılması, onları hərtərəfli təhlil edərək əsaslı şikayətlərin aradan qaldırılması üçün operativ şəkildə tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Çıxışlarda bəzi rayon, şəhər üzrə maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların vaxtında və keyfiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.
İclasda Maliyyə Nazirliyinin tabeliyində olan qurumların və rayon, şəhər maliyyə orqanlarının maddi-texniki bazasının və iş şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.