Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Kollegiya iclasında Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət satınalmalarının Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun təşkil edilməsi vəziyyəti və dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi ilə əlaqədar təkliflər hazırlanması barədə məsələlər geniş müzakirə edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda ölkə başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və subsidiyaların verilməsində nöqsanlara yol verildiyi, bəzi hallarda verilən yardımların ünvanlarına çatmadığı, istehsal sahələrinin faktiki olandan artıq göstərildiyi, xaricdən lazım olan avadanlıqların və digər vasitələrin yüksək qiymətə gətirilməsi və icrası vacib olan digər məsələlər barədə iradlarını bildirib və bu nöqsanların aradan qaldırılması üçün tapşırıqlarını verib. Bununla əlaqədar müvafiq təkliflərin hazırlanması məqsədilə rayon icra hakimiyyətləri başçılarına subsidiya verilməsində şəffaflığın təmin edilməsində, subsidiyaların ödənilməsi qaydalarının fermerlərin təklifləri nəzərə alınmaqla təkmilləşdirilməsi, habelə kənd təsərrüfatı sahələrinin ixtisaslaşması və sair məsələlər barədə təkliflərini mümkün qısa müddətdə təqdim edilməsi barədə müraciət edilib, Nazirlikdə işçi qrupu yaradılıb, icra hakimiyyəti başçılarına və nümayəndələri rayon Komissiyalarının üzvü olan İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Statistika Komitəsinə müvafiq göstəriş verilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərindən xahiş edilib.
Eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına texnika və avadanlıqların, gübrələrin, mal-qaranın, cihaz, dərman preparatlarının və s. alınmasında, iş və xidmətlərin görülməsində şəffaflığın və aşkarlığın təmin edilməsi, görülən hər bir konkret işə nəzarətin gücləndirilməsi üçün ciddi tədbirlərin görülməsi barədə Nazirliyin yanında Dövlət Agentliyi və Xidmətlərin, Aqrar Elm Mərkəzinin, “Aqrolizinq” ASC-nin, Dövlət Toxum və Texniki Nəzarət Müfəttişliklərinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.
Kollegiyada ölkə başçısının irad və təkliflərinin icrasını təmin etmək məqsədilə hazırlanmış Kənd Təsərrüfatı Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə mallar, işlər və xidmətlərin satınalmaları həyata keçirilərkən şəffaflığın və obyektivliyin təmin edilməsi, satınalma prosedurlarında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilməsi, məhsul istehsalçılarından, rayon icra hakimiyyətlərindən daxil olan təkliflər əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım və subsidiyaların verilməsi Qaydalarının daha da təkmilləşdirilməsi üçün qısa müddətdə Nazirliyin təkliflərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.