“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, avqustun 13-də dəmir yolunun Müsüslü-Bərgüşad mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanılıb.
Səhər tezdən start götürən təmir işləri ayın sonuna kimi davam edəcək. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Dövlət Proqramının icrası çərçivəsində təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 263,7 kilometr yol əsaslı təmir olunmuş, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.