İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib
Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransın nəticələri ilə bağlı geniş kollegiya iclası keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, iclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısının bu proqramın icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib.
Konfransda 2013-cü ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həll olunması, infrastruktur layihələrinin davam etdirilməsi, magistral və kənd yollarının tikintisi və əsaslı təmiri və digər vəzifələr müəyyənləşdirilib. Eyni zamanda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə, inşaat materialları istehsalının dəstəklənməsinə, yeni Dövlət Proqramının hazırlanmasına dair göstərişlər verilib. Dövlət başçısı konfransda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılmasını, yeni torpaq sahələrinin dövriyyəyə buraxılmasını, fermerlərə dövlət dəstəyinin gücləndirilməsini və fermerlərin elektron qeydiyyat sisteminin hazırlanmasını tapşırıb. Dövlət başçısı vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə, ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə də müvafiq göstərişlər verib.
Şahin Mustafayev konfransda dövlət başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib. Kollegiya iclasında digər cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.