Qrant müqavilələri 82 min 444 manat, 436 min 285 ABŞ dolları və 134 min 753 avro təşkil edib
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2012-ci il ərzində 8 kommersiya hüquqi şəxsin 12 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeydiyyata alınmış qrant müqavilələrinin (qərarlarının) ümumi məbləği müxtəlif valyutalarda olmaqla 82 min 444 manat, 436 min 285 ABŞ dolları və 134 min 753 avro təşkil edib.
Qrant vəsaitləri etik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, seminarların təşkili, uşaq resursları inkişafı mərkəzinin yaradılması, avadanlıqlarla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə tibbi məsləhətlərin, təlimlərin, sosial dəstəyin göstərilməsi, müxtəlif treninqlər vasitəsilə gənc jurnalistlərin bilik və bacarıqlarının gücləndirilməsi, heyvandarlıqla məşğul olan fermerlərin gəlirlərinin artırılması, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə yardım göstərilməsi üçün onlara mikrokreditlərin verilməsi kimi istiqamətlərə yönəldilib.