Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb
09 iyul 2015 10:26 (UTC +04:00)

Fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

 

2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan lent.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 098 817 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 831 564 nəfər) kişi, 40,9 faizi (1 267 253 nəfər) isə qadındır.  

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,84 faizini (769 703 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,59 faizini (669 101 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,69 faizini (641 144 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (655 449 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,73 faizini (363 420 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

 

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar