Braziliyada Azərbaycan musiqisinə həsr edilmiş veriliş yayımlandı
17 oktyabr 2015 03:11 (UTC +04:00)

Braziliyada Azərbaycan musiqisinə həsr edilmiş veriliş yayımlandı

0

Oktyabrın 11-də Braziliyanın EBC radiosunda bu ilin aprel ayında Rio de Janeyro şəhərində uğurla həyata keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrin “Qarabağ” muğam triosu ilə birgə konsertlərinə həsr edilmiş veriliş təqdim olunub.

 

Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bədii rəhbəri, braziliyalı bəstəkar Pablo Kastellar Azərbaycanın rəngarəng klassik musiqisi və zəngin muğam sənətindən bəhs edərək, ölkəmizin görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun yaradıcılıq fəaliyyəti barədə  braziliyalı dinləyicilərinə ətraflı məlumat verib. Onun sözlərinə görə, adıçəkilən Azərbaycan bəstəkarlarının əsərləri  muğamla sıx bağlıdır və bu bağlantı Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğunu səciyyələndirən cəhətdir.

 

Eyni zamanda, P.Kastellar Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov və “Qarabağ” muğam triosu (xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov) barədə danışaraq onların 2007-ci ildən etibarən bir çox xarici ölkələrdə həyata keçirdiyi simfonik muğam layihəsinin əhəmiyyətini qeyd edib.

 

Veriliş zamanı Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Azərbaycan kappriçiosu”, Vasif Adıgözəlovun “Qarabağ Şikəstəsi”, Asəf Zeynallının “Muğam sayağı”, Həsən Rzayevin “Cahargah stilində rapsodiya” və digər əsərlərdən parçalar səslənib.

 

P.Kastellar Azərbaycan musiqisinə həsr edilmiş konsertin keçirilməsinin Braziliya ictimaiyyəti, həmçinin Braziliya Simfonik Orkestri üçün unikal təcrübə olduğunu vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar