“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işlərinin gedişi ilə tanış olub. QSC-dən Lent.az-a bildirilib ki, C. Qurbanov Sumqayıt sərnişin stansiyasının yenidənqurulması üçün təqdim olunan layihələrə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxıb.
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən başlanılıb. Bu günə kimi 24 km yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.