“NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.
Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan bildirilib.
Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.
"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.
Onu da bildiririk ki, konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.
***
16:48
Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.
"APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi feysbuk səhifəsində yayılan xəbərdə deyilir.
"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən NBC Bank ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.