Azərbaycan-Rumıniya biznes forumu keçirilib
14 mart 2013 15:54 (UTC +04:00)

Azərbaycan-Rumıniya biznes forumu keçirilib

Azərbaycan şirkətləri Rumıniya iqtisadiyyatına investisiya yatırmağa dəvət edilib

 

 

Martın 14-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rumıniya biznes forumu keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Rumıniya tərəfindən sənaye, kənd təsərrüfatı, İKT, maliyyə, energetika, nəqliyyat, tikinti, mədən sənayesi, vakuum texnologiyalarının istehsalı sahələrində fəaliyyət göstərən 30, Azərbaycan tərəfindən isə uyğun sahələr üzrə 100-dən artıq iş adamı iştirak edib.

 

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, dövlət başçılarının səyi nəticəsində Azərbaycan-Rumıniya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 50-dən çox sənəd imzalanıb. Azərbaycan-Rumıniya əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır. Ölkələrimiz arasında iqtisadi əlaqələr barədə məlumat verən Şahin Mustafayev bildirib ki, 2011-ci illə müqayisədə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 23% artıb. Hazırda Azərbaycanda sənaye, ticarət, tikinti, xidmət sahələrində 8 Rumıniya şirkəti uğurla fəaliyyət göstərir. Rumıniyada isə Azərbaycan kapitallı 49 müəssisə qeydiyyatdan keçib və bu müəssisələr ticarət, inşaat, daşınmaz əmlak, nəqliyyat, hasilat və emal sənayesi sahələrində fəaliyyət göstərir.

 

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib. Son 10 ildə Azərbaycanda ÜDM 3,4 dəfə, adambaşına düşən ÜDM 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb. 2003-cü ildən indiyədək 1 milyondan artıq yeni iş yeri açılıb, son 8 ildə işsizlik səviyyəsi 1,8 dəfə azalmış, yoxsulluq səviyyəsi isə 2001-ci ildəki 49%-dən 6%-ə enib. Azərbaycan həm də bir sıra transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Böyük İpək Yolunun, Şimal-Cənub nəqliyyat dəhlizi,  Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması Azərbaycanın regional əhəmiyyətli mərkəzə çevrilməsini təmin edib. Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan hazırda investor ölkəyə çevrilib, qonşu ölkələrə, eləcə də bir sıra Avropa ölkələrinə sərmayələr qoyulub. Azərbaycan-Rumıniya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən Şahin Mustafayev biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb. O qeyd edib ki, Bakıda Azərbaycan-Rumıniya Ticarət Palatasının açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacaq.

 

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea dostluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətlərinin uğurla inkişaf etdiyini söyləyib və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.  O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin rolunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Rumıniyanın milli maraq kəsb edən infrastruktur layihələr və xarici investisiyalar üzrə xüsusi naziri Dan Şovan ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dilə gətirib, Azərbaycan şirkətlərini Rumıniya iqtisadiyyatına investisiya yatırmağa dəvət edib. Eyni zamanda Valeriu Zqonea Rumıniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına, əsasən infrastruktur, kənd təsərrüfatı, energetika, nəqliyyat, yolların çəkilişi kimi sahələrə böyük maraq göstərdiklərini nəzərə çatdırıb.

 

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953
avatar

Oxşar yazılar