Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib
30 may 2013 15:29 (UTC +04:00)

Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib

Bu gün Qazaxıstan Respublikasının Atırau şəhərinin akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

 

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və başqa sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

 

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, bununla belə hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda 40-a yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla fəaliyyət göstərirlər.

 

Serik Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına Qazaxıstanda marağın böyük olduğunu nəzərə çatdırıb. O, qeyd edib ki, Qazaxıstan regionları ilə Azərbaycan regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Atıraunun akimi Serik Aydarbekov Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət edib.

 

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib. Biznes forumda “Atırau şəhərinin investisiya prioritetləri və iqtisadi potensialı”  mövzusunda təqdimat keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar