Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib
10 oktyabr 2015 12:54 (UTC +04:00)

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

0

Oktyabrın 9-da Azərbaycanın Astara şəhərində iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb. Lent.az İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən isə aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

 

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına rəsmi səfərindən sonra ölkələrimiz arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub, bu səfərdən sonra 45 qarşılıqlı səfər həyata keçirilib, 22 sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası təşkil edilib. Vurğulanıb ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsi və geniş müqavilə hüquqi baza, eləcə də Dövlət Komissiyasının fəaliyyəti iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları da fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayan Şahin Mustafayev bu dəfəki görüşlərdə əsas məqsədin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələrin aparılması olduğunu qeyd edib. Hazırda Azərbaycan və İran arasında dəmir yolu xətlərinin birləşməsi olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Bildirilib ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi həmçinin, Azərbaycan və İranın tranzit potensialının daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, keçirilmiş yüksək səviyyəli görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini diqqətə çatdırıb. İqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Mahmud Vaezi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin xüsusi önəmini qeyd edib, bu dəhliz vasitəsilə daşımaların əhəmiyyətli dərəcədə artacağını bildirib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə işçi qrupların yaradılması barədə razılığa gəlinib. Bu tədbirlər Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsini, sərhəd körpüsünün birgə tikintisini, habelə yükaşırma terminalının tikintisini nəzərdə tutur. Görüşdə həmçinin, gömrük və sərhəd keçid prosedurlarının sadələşdirilməsi məqsədi ilə müzakirələrin aparılması, eləcə də Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsi barədə razılıq əldə olunub.

Nümayəndə heyətləri Azərbaycan və İran tərəfində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar