“Hesab.az” ödəmə portalı milyonuncu ödəmə aparan istifadəçisinə müasir «Acer» netbuku hədiyyə edəcək. Aksiya portalda qeydiyyatdan keçən bütün müştərilərə şamil olunur.
«Golden Pay» ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” portalı hazırda istənilən mobil operatorların, əksər internet-provayderlərin, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər. Portalın tərəfdaşı olan 42 şirkətin xidmətlərini həmçinin mobil telefonlar vasitəsi ilə - m.hesab.az mobil kommersiya mərkəzi kimi fəaliyyət göstərən resursdan da ödəyə bilərlər. Yaxın bir zamanda isə Hesab.az istifadəçilərinə istehlak kreditlərin və avtomobil sığorta polislərinin onlayn ödənilməsi xidmətləri təklif olunacaq.
Ödəmə portalında milyonuncu tranzaksiya yaxın günlərdə gözlənilir. Xatırladaq ki, 500-mininci əməliyyatın müəllifi ötən ilin oktyabrın 7-si müəyyən olundu və Hesab.az-dan «Lumia-710» smartfonu qazandı. Hal-hazırda portalda 970 minə yaxın əməliyyat aparılıb, onların məcmu həcmi isə 9 milyon manata yaxın təşkil edir. Qeyd edək ki, Hesab.az-da artıq qeydiyyatdan keçən istifadəçilərin sayı 40 minə yaxınlaşır.