“Türk Hava Yolları” bilet satışının dayandırılmasına münasibət bildirib
13 fevral 2013 15:07 (UTC +04:00)

“Türk Hava Yolları” bilet satışının dayandırılmasına münasibət bildirib

“Heç bir kommersiya təşkilatı bir müştərisini belə öz mənafeyi ilə bağlı mübahisələrə qatmamalıdır”.

Bunu «APA-Economics»ə açıqlamasında «Türk Hava Yolları» (THY) aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Fatih Güvən Azərbaycanın turizm şirkətlərinin THY-nin aviabiletlərinin satışını müvəqqəti dayandırmasına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, yeni satış sisteminə keçid mərhələsində yarana biləcək bütün suallar müzakirələr yolu ilə aradan qaldırıla bilər.

 

Qeyd edək ki, Türkiyə şirkətinin aviabilet satışına görə turizm operatorlarına komissiya haqqı ödəməyi dayandırmasına etiraz əlaməti olaraq Azərbaycan Turizm Assosiasiyası (AzTA) üzvləri qəbul etdikləri qərarla fevralın 12-dən etibarən THY-nin biletlərinin satışını dayandırıb.

 

F.Güvən bildirib ki, THY komissiya haqlarının ödəniş sistemini dayandıran ilk aviaşirkət deyil: «Azərbaycanda fəaliyyət göstərən aviasiya şirkətlərinin demək olar ki, hamısı komissiya haqlarının ödənilməsini artıq dayandırıb».

 

Onun sözlərinə görə, bu, bütün dünyada davam edən bir prosesdir, o cümlədən artıq Gürcüstanda da bu sistemin teliklə ləğvi planlaşdırılır: «Bu sistemdən hələlik imtina edilməyən və ya sonradan həyata keçirilməsi planlaşdırılan ölkələrdə də bazara uyğun qiymətləndirmələr aparılır».

 

THY nümayəndəsi bildirib ki, qeyd edilən prosesin nəticəsi olaraq turizm agentliklərinin gəlir itkisi ilə üzləşəcəyi ilə bağlı ehtimalların isə heç bir əsası yoxdur: «Əksinə, satışın yeni formasına keçid agentliklər üçün daha artıq gəlir əldə etmək imkanı yaradır. Yeni formanın tətbiqinin ən yaxşı tərəfi isə ondan ibarətdir ki, sərnişinlər bölüşdürmə kanallarına bərabər yanaşacaqlar. Yəni, bundan sonra eyni dəyərli biletlərin müxtəlif agentliklərdə müxtəlif qiymətlərə təklif olunması problemi aradan qalxacaq».

 

Yerli turizm şirkətlərinin THY-ni boykot olunması ilə bağlı qərarına toxunan F.Güvən bildirib ki, bütün problemli məsələləri müzakirə yolu ilə həll etmək mümkündür: «Yeni sistemə keçid mərhələsində yarana biləcək bütün suallar müzakirələr yolu ilə həll oluna bilər. Müzakirələrin mövzusu həmçinin həvəsləndirmə sistemi, əmək haqları və s. bu kimi məsələlər ola bilər».

 

Nümayəndəlik rəhbəri bildirib ki, THY AzTA-nın, turizm şirkətlərinin assosiasiyası kimi, öz üzvlərinin maraqları baxımından çıxış etməsini başa düşür və buna hörmətlə yanaşır, lakin hədələyici addımların heç bir nəticə verməyəcək: «Xidmətlərimizdən istifadə edən sərnişinlərin və əməkdaşlıq etdiyimiz istənilən təşkilatın mövcud və ya ehtimal olunan problemlərinin həllinə diqqətlə yanaşmaq Şirkətimizin rəhbər tutduğu əsas prinsiplərdən biridir. Lakin istənilən məsələnin sivil yolla müzakirəsinə üstünlük vermədən hədələyici və məntiqdən uzaq olan həll axtarışları heç bir nəticə verə bilməz».

 

«Bu vəziyyət yalnız sektora və xidmət göstərilməyən sərnişinlərimizə, sərnişininə xidmət göstərə bilməyən və aviasiya şirkətləri ilə olan əlaqələrinin pozulmasına gətirib çıxaran agentliklərə ziyan verir. Hesab edirik ki, heç bir kommersiya təşkilatı bir sərnişinini belə öz mənafeyi ilə bağlı mübahisələrə qatmamalıdır», - deyə F.Güvən bildirib.

 

Nümayəndəlik rəhbərinin sözlərinə görə, hər bir aviasiya şirkəti, şübhəsiz ki, agentliklərlə, turizm şirkətləri və təşkilatları ilə əlaqələrinin dostluq və qarşılıqlı faydalı prinsiplər əsasında qurulmasında maraqlıdır. Lakin heç bir aviaşirkət öz iradəsinin başqaları tərəfindən idarə olunmasına yol verə bilməz: «AzTA-nın öz üzvlərinin maraqları naminə çıxış etməsinə hörmətlə yanaşmaqla yanaşı, elə bu maraqların, həmçinin hava daşıması xidmətindən istifadə etmək istəyən sərnişinlərin maraqlarının təmin olunması üçün bu təşkilatı sağlam düşünməyə və qəbul etdikləri qərarların məntiqi və qanuni olmasına diqqət yetirməyə dəvət edirik».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1576
avatar

Oxşar yazılar