Dövlət Xidməti TREKA-2009” MMC barəsində iş qaldırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı “TREKA-2009” MMC-yə məxsus “www.bioxen.az” saytında yayımlanan reklamda “Bioxen” şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının almasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı isə əslində testdə “Bioxen” şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilib.
Lakin “TREKA-2009” MMC tərəfindən www.bioxen.az saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilmiş, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkarlanıb. Qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə “TREKA-2009” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.