Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünkü mövzusu BMT-nin baş katibi Antonio Quterreşin qida təhlükəsizliyinə dair analitik icmalla bağlı yaydığı videomüraciətlə əlaqədardır.
Belə ki, Quterreş sözügedən videomüraciətdə dünyada 49 milyon insanın ifrat yoxsulluq vəziyyətinə düşə biləcəyini deyib. Rubrikamızın mövzu ilə əlaqədar “Görəsən, Azərbaycanda necə, yoxsullaşma və ya insanların çörək tapmamaq qorxusu varmı?” sualına deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavab verib. Onun sözlərinə görə, Azərbaycanın təbii sərvətləri və digər bütün imkanlarına görə, ölkədə yoxsullaşmadan söhbət gedə bilməz:
“Koronavirus pandemiyası səbəbilə dünya iqtisadiyyatı xeyli dərəcədə zəiflədi. Ölkələrarası əlaqələr, ticarət və biznes münasibətlərinin zəifləməsi inkişafın önünü kəsdi. Azərbaycanın istər təbii sərvətləri, istər ölkə rəhbərliyinin yürütdüyü siyasət, istərsə də digər maddi imkanlarına görə, yoxsullaşma yarana bilməz. Ölkəmizin daxili tələbatı təmin etmək üçün yetərincə resursları var.
BMT baş katibinin dediyi ifrat yoxsulluq o deməkdir ki, yəni, 49 milyon insanın gündəlik qazancı 1 dollar belə olmayacaq. Artıq həmin ölkənin özünütəmin etməsi ancaq xaricdən gələn humanitar yardımların hesabına mümkün olur”.
Qeyd edək ki, A.Quterreş videomüraciətdə bildirib ki, təcili tədbirlər görülməsə qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Həmçinin onun sözlərinə görə, qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq.