SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudovla Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar.
Lent.az xəbər verir ki, İlkin Behbudov Dövlət Proqramlarının icrası olaraq respublika ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə geniş miqyaslı qazlaşdırma işlərindən söz açıb. Şöbə rəisi qeyd edib ki, Birlik tərəfindən 2023-cü ilin 9 ayı ərzində 323 km yeni qaz kəmərləri çəkilərək təmir proqramı çərçivəsində 229 km uzunluğunda qaz kəməri əsaslı təmir edilib. İlkin Behbudov digər bir məqama qazdan təhlükəsiz istifadə qaydalarına da toxunub. O qeyd edib ki, təyinatından asılı olmayaraq bütün obyektlərin və yaşayış evlərinin qazlaşdırılması üçün tərtib edilən layihə-smeta sənədlərində qaz sızmasını aşkar edən detektorlar nəzərdə tutulub və onun quraşdırılmasına ciddi nəzarət olunur. Yeni qazlaşdırılan obyektlər və yaşayış evlərində elektromaqnit qapaqla əlaqələndirilmiş bu detektorlar quraşdırılmadan qazın verilişi təmin edilmir. Detektorların quraşdırılması yalnız yeni tikililərə deyil, həm də köhnə tikililərə şamil edilir.
Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev çıxışında Şikayətlərin araşdırılması şöbəsinə cari ilin 10 ayı ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi bu rəqəmin 9831 olduğunu qeyd edərək ötən ilin anoloji dövrü ilə müqayisədə azaldığını bildirib. İbrahim Kərbalayev müraciətlərin əsasən debitor borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması kimi məsələlərlə bağlı olduğunu vurğulayıb.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.