Kənd təsərrüfatı nazirimiz FAO və beynəlxalq təşkilatlardan dəstək istədi
29 iyun 2011 12:42 (UTC +04:00)

Kənd təsərrüfatı nazirimiz FAO və beynəlxalq təşkilatlardan dəstək istədi

Kənd təsərrüfatı naziri İsmət Abasovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti 25 iyun- 2 iyul tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahında FAO konfransının 37-ci sessiyasında iştirak etmək üçün Roma şəhərində rəsmi səfərdədir.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı 2012-2015-ci illər üzrə FAO-nun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi, FAO Şurasının Müstəqil sədrinin, Şuraya üzv ölkələrin seçilməsi, Avropa Regional Konfransının 28-ci sessiyasının Azərbaycanda keçirilməsinin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən İsmət Abasov Azərbaycanda həyata keçirilən aqrar islahatlardan, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, qəbul olunmuş dövlət proqramları barədə ətraflı məlumat verib. İsmət Abasov qeyd edib ki, FAO dünya miqyaslı aqrar siyasət aparan bir təşkilat olmaqla, Azərbaycan aqrarçılarının ən doğma beynəlxalq təşkilatıdır. FAO Azərbaycanda aqrar siyasətin aparılmasına həmişə dəstək verib, 16 il ərzində, yəni FAO-ya üzv qəbul olunandan həyata keçirilən layihələrin fermerlərin maariflənməsində, öz işlərinin təkmilləşdirilməsində kömək edib. İsmət Abasov FAO və beynəlxalq təşkilatların şoran və dəmyə torpaqların məhsuldarlığının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, istiliyə və quraqlığa davamlı yeni sortların yaradılması və geniş tətbiqi, Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında təlim və tədqiqat mərkəzinin yaradılması məsələlərinə dəstək verməsini istəyib. Kənd təsərrüfatı naziri yekunda 2012-ci ildə FAO-nun Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransına Avropa və Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərini, FAO-nun katibliyinin üzvlərini, BMT-nin beynəlxalq təşkilatlarının rəhbərlərini dəvət edib.

İsmət Abasov FAO Konfransının 37-ci sessiyası zamanı İtaliya Respublikasının kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri Françesko Saverio Romano, Braziliyanın kənd təsərrüfatının inkişafı naziri Afonso Florens, İranın kənd təsərrüfatı naziri Sadeq Xəlilian, FAO-nun bir sıra rəhbər işçiləri və Avstriya Federativ Respublikasının kənd təsərrüfatı, meşəçilik, ətraf mühit və su təsərrüfatı federal naziri Nikola Berlokoviçlə görüşlər keçirib.

İsmət Abasov BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kannayo Nvanze ilə də görüş keçirib. Görüş zamanı İsmət Abasov və Kannayo Navanze arasında “Kənd yerlərinin kompleks inkişafı üzrə layihə”nin Azərbaycanda həyata keçirilməsi üzrə maliyyələşmə sazişi imzalanıb. Layihənin Azərbaycan Hökuməti, İFAD və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı naziri səfər müddətində Romanın yaxınlığında yerləşən Çerveteri şəhərinə səfər edib, şəhərin kənd təsərrüfatı potensialı ilə tanış olub, Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulması məsələləri şəhərin meri Cino Çioli və şəhər rəhbərliyinin digər nümayəndələri ilə müzakirə edib.
# 561

Oxşar yazılar