İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi” layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda aparılmış statistik müşahidələrin nəticəsi ay ərzində istehlak qiymətlərinin 1,42 faiz artdığını göstərir. Bakıda qiymətlər 1,46 faiz, regionlarda isə 1,38 faiz artıb. Bu ilin səkkiz ayında ölkədə 3,22 faiz inflyasiya baş verib.
Ötən ilin avqustuna nisbətən ölkədə istehlak qiymətləri indeksi 5,89 faiz artıb. Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib:
| Avqust/İyul | Avqust2010 / |
Cəmi ərzaq malları və xidmətlər (İnflasiya) | + 1,42 | +3,22 |
Ərzaq malları, içkilər və tütün | +2,40 | +5,67 |
Qeyri-ərzaq malları | +0,49 | + 0,26 |
Xidmətlər | +0,02 | +0,52 |
2010-cu ilin iyuluna nisbətdə avqust ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:
| Cəmi mallar və xidmətlər üzrə | Ərzaq | Qeyri-ərzaq | Xidmətlər |
Bakı şəhəri | +1,46 | +2,50 | + 0,52 | -0,10 |
Regionlar | +1,38 | +2,29 | +0,47 | +0,14 |
Avqust ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma yer xiyarı (25,46 faiz), ağ kələm (13,26 faiz), yer pomidoru (10,42 faiz), sümüklü mal əti (8,41 faiz), qeyri-ərzaq məhsulları üzrə kəsilmiş taxtalar (5,67 faiz), ən çox ucuzlaşma isə ərzaq məhsullarından qarpız (26, 57 faiz), gavalı (16,10 faiz), qeyri-ərzaq məhsullarından 7-13 yaşlı uşaqlar üçün cins şalvarlar (4,45 faiz), xidmətlərdən isə üzgüçülük qruplarında məşğələlər (12,66 faiz) üzrə qeydə alınıb.
İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin avqust ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, avqust ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 125,3 manat, pensiyaçılar üçün 113,12 manat, 0-14 yaşlı uşaqlar üçünsə 142,52 manat təşkil edib. Avqust ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 64,5 manat, pensiyaçılar 58,19 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 73,21 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,14 manat, pensiyaçılar üçün 31,39 manat, 0-14 yaşlı uşaqlar üçün 51,85 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.
Xatırladaq ki, “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
Elxan SALAHOV