Bəzi müəssisələr müflisləşə bilər
23 fevral 2009 18:00 (UTC +04:00)

Bəzi müəssisələr müflisləşə bilər

Vahid Əhmədov: “Elə istehsal müəssisələri yaradılmalıdır ki, məhsullarını həmişə dünya bazarına çıxarmaq imkanı olsun”

“Azərbaycanın emal sənayesində istehsalın aşağı düşməsinin maliyyə böhranı ilə heç bir əlaqəsi yoxdur. Kompüter, televizor və digər sənaye mallarının istehsalındakı azalma daha çox bazarla əlaqədardır”.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, indi Azərbaycanda sənaye məhsullarına satış bazarı tapmaq çox çətindir. Ona görə də bəzi müəssisələr tam gücü ilə işləyə bilmir, həm istehsalın həcmini azaldır, həm də işçiləri ixtisarlara salırlar.

Millət vəkili onu da əlavə edib ki, son vaxtlar ümumiyyətlə, dünyada məhsul istehsalı xeyli aşağı düşüb. Onun sözlərinə görə, 2007-ci ildə dünyada məhsul istehsalı 5,1 faiz artıb olub. 2008-ci ildə isə bu rəqəm 2,5 faizədək azalıb: “İndi vəziyyət bir qədər də çətinləşib. Beynəlxalq səviyyəli ekspertlər dünya üzrə məhsul istehsalında artımın cəmi 0,5 faiz olacağını proqnozlaşdırır. Hətta ola bilər ki, azalma da baş versin”.

Vahid Əhmədov bəzi müəssisələrin müflisləşəcəyini də istisna etmir. Onun sözlərinə görə, böhranın xarakterik əlamətləri 2009-cu ildə qiymət artmasında və inflyasiyada yox, istehsalın azalmasında və işsizliyin artmasında özünü büruzə verəcək. Çünki qlobal maliyyə böhranı artıq ümumi iqtisadi böhrana çevrilib.

Millət vəkili Mingəçevirdəki “Kür” kompüter istehsalı zavodunda il ərzində cəmi 800 kompüter istehsal edilməsinə də münasibət bildirib. Onun fikrincə, istər bu müəssisənin, istərsə də Şamaxıdakı məişət avadanlıqları zavodunun tam gücü ilə işləyə bilməməsi bazarda tələbatın olmamasının nəticəsidir: “İndi Azərbaycan bazarı kompüterlə doludur. Bazara o qədər kompüter çıxıb ki, müəssisələr istehsal etdiyi məhsulları sata bilmir. Azərbaycan Dünya Ticarət Təşkilatına üzv qəbul edilsə, bazar problemi daha ciddi olacaq. Çünki gömrük tariflərinə dəyişiklik ediləcək və istənilən mal Azərbaycana daxil olacaq. Əgər bizi müəssisələrdə yüksək keyfiyyətli kompüter, yaxud da televizor istehsal ediriksə, daxili bazarı qorumaq lazımdır. Yəni hökumət xaricdən gələn bu məhsulların qarşısını almalıdır”.

Millət vəkili bildirir ki, indiki halda Azərbaycan vəziyyətdən çıxmaq üçün əsas diqqəti kənd təsərrüfatının inkişafına yönəltməlidir. Onun sözlərinə görə, bundan sonra neftin qiymətinin qalxacağına ümid etmək olmaz və bu səbəbdən Azərbaycan özünün ərzaq təminatı problemini təcili şəkildə həll etməlidir: “Artıq Azərbaycanın özünün “Ərzaq təhlükəsizliyi proqramı” var. İndi bu layihənin reallaşması məsələsinə ciddi fikir vermək lazımdır. Elə istehsal müəssisələri yaradılmalıdır ki, o məhsulları həmişə dünya bazarına çıxarmaq imkanı olsun. Neftdən məhz bu məqsədlər üçün istifadə etməliyik. Çünki bu böhranın 10-15 ildən sonra yenidən təkrarlanmayacağına təminat yoxdur”.

Vahid Əhmədov dünya iqtisadi böhranının Azərbaycanda da sahibkarlıq fəaliyyətinə ciddi təsiri etdiyi qənaətindədir. Onun sözlərinə görə, bu təsiri azaltmaq və müflisləşmə təhlükəsi ilə üzləşən müəssisələrin bağlanması üçün dövlət səviyyəsində ciddi tədbirlər görməlidir.

“Bu məsələ yalnız dövlətin qeyri-neft sektoruna ciddi maliyyə dəstəyi sayəsində həll oluna bilər. Çünki böhran Azərbaycanda çox sürətlə yayılır. Bu böhran özünü artıq banklarda da, istehsal müəssisələrində də, başqa sahələrdə də göstərib. Ona görə də qeyri-neft sektorunun inkişafına nail olmaq üçün vaxtımız çox azdır, tələsmək lazımdır” - deyə, millət vəkili əlavə edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsi ötən il bir sıra sənaye məhsullarının istehsalında kəskin azalmanın baş verdiyini açıqlamışdı. Komitənin hesablamalarına görə, qeyri-neft sektorunda aparıcı sahələr olan televizor istehsalı 10 faiz, avtomobil yığımı 6 dəfə, tütün 14 faiz, pambıq mahlıcı 44 faiz azalıb. Ötən ildə Azərbaycanda cəmi 135 avtomobil yığılıb. Halbuki, 2007-ci ildə bu rəqəm 946 ədəd təşkil edib. Hətta son 12 ildə ilk dəfə olaraq, Azərbaycanda neft hasilatında da azalma qeydə alınıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881

Oxşar yazılar