Gələn ilki büdcə layihəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub
31 avqust 2010 11:20 (UTC +04:00)

Gələn ilki büdcə layihəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub

«APA-ECONOMICS»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda gələn ilki dövlət büdcəsinin layihəsinin hazırlanması davam edir və proses yekun mərhələdədir: «Layihə sentyabrın ortalarında Nazirlər Kabinetinə təqdim olunacaq. Büdcənin gəlirləri hələ müzakirə olunur».

A.Bayramov qeyd edib ki, bu ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 102,6% səviyyəsində, xərcləri xeyli artıb: «İyulda isə daxilolmalar qənaətbəxş olub».

«Taxıl və un idxalının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinin gəlirlərinə necə təsir edə bilər» sualını cavablandıran nazir müavini vergidən azad olunmanın müxtəlif mexanizmlərinin olduğunu diqqətə çatdırıb: «Hansı mexanizm seçilərsə, itkiləri ona uyğun hesablamaq lazım gələcək».

Qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinə 4 922,7 mln. manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 1,3% çox vəsait daxil olub. Büdcə gəlirlərinin 915,4 mln. manatını və ya 18,6%-ni əlavə dəyər vergisi, 728,5 mln. manatını (14,8%-ni) mənfəət vergisi, 273,7 mln. manatını (5,5%-ni) əhalidən tutulan gəlir vergisi, 185,5 mln. manatını (3,8%-ni) aksiz vergisi, 64,8 mln. manatını, yaxud 1,3%-ni mədən vergisi təşkil edib.

Bu vaxt ərzində büdcədən 4 276,7 mln. manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,6% az vəsait xərclənib. Nəticədə hesabat dövründə 646 mln. manat məbləğində və ya ümumi daxili məhsulun 3,3%-i qədər profisit yaranıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur. Büdcə xərclərinin 38,2%-i və ya 1 633,4 mln. manatı iqtisadiyyatın inkişafına, 14,3%-i, yaxud 610,8 mln. manatı sosial müdafiə və sosial təminata, 12%-i və ya 513,2 mln. manatı təhsilə yönəldilib.

Büdcə xərclərinin 33,5%-i və ya 1 432,5 mln. manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar