(R) Təhsildən – karyeraya!
19 noyabr 2012 10:28 (UTC +04:00)

(R) Təhsildən – karyeraya!

BP Azərbaycandakı 20 illik fəaliyyəti dövründə ölkəmizin neft və qaz ixtisaslı , eləcə də əlaqədar sahələr üzrə milli kadrlarının yetişməsinə, onların peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verir. BP-nin təhsil təqaüdü və məzunların məşğulluğu sahəsində həyata keçirdiyi layihələrlə bağlı suallarımızı BP Azərbaycan şirkətinin Məzunların Məşğulluğu Proqramının qrup rəhbəri Bağır Axundov cavablandırır:

- BP Azərbaycan şirkəti fəaliyyətə başladığı gündən ölkənin enerji sənayesinin inkişafı kontekstində milli kadrların hazırlanmasına xüsusi qayğı göstərir. Biz uzun müddətdir ki, təhsil və məşğulluq üzrə bir neçə layihəni uğurla həyata keçiririk. Bunlardan Neft və Qaz sektoru üçün Təhsil Təqaüdü Proqramını, Məzunların Məşğulluq və Təcrübə Proqramlarını, yeni Neft və Qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramının adlarını çəkmək olar. 2013-cü il üzrə Təhsil Təqaüdü proqramına sənəd qəbuluna ötən ayın 15-dən start verilib. Bu xüsusi proqram Türkiyədəki İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universitetində Geofizika və ya Neft-mədən Mühəndisliyi ixtisasları üzrə magistr dərəcəsi almaq üçün maliyyə dəstəyi verilməsini nəzərdə tutur. Biz həmçinin Türkiyənin həmin universitetlərində və Azərbaycandakı Qafqaz və Xəzər universitetlərində texniki fənlər üzrə bakalavr dərəcəsi almaq istəyənlərə də təhsil təqaüdü almaq şansı yaradırıq, ancaq bu proqrama yayda start verilir.

- Belə görünür ki, BP lazım olan bütün addımları atıb və yalnız müraciət etmək qalır? Bəs Təqaüd Proqramı üçün namizədlərin seçimi neçə aparılır?

- Düzgün vurğuladınız. Qeyd edim ki, magistr pilləsi üzrə sənəd vermək istəyən namizədlər bizim veb-səhifəmizə − www.bp.com/caspian/careers daxil olub ərizə formasını doldururlar, ərizələrin seçimindən sonra uğurlu yarımfinalçılar bizim texniki mütəxəssislərimizlə və İnsan Resursları şöbəsinin nümayəndələri ilə müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçən namizədlər TOEFL və GRE imtahanlarını verirlər və bu imtahanların nəticələri universitetlərə daxil olmaq üçün qənaətbəxş hesab edilərsə, BP namizədə 2 illik təhsil müddətində təhsil haqqı, yaşamaq üçün təqaüd, tədris kitablarının haqqı və s. xərclər də daxil olmaqla tam maliyyə dəstəyini təmin edən təhsil təqaüdü ayırır.

- Məlumatlara görə çox sağ olun. Zəhmət olmasa, Məzunların Məşğulluq və Yay Təcrübə Proqramı haqqında daha ətraflı danışın. Proqrama kimlər, necə müraciət edə bilərlər?

- Bu proqramlar BP-də işləmək və karyera qurmaq istəyənlər üçün əla şansdır. 2013-cü il üçün Məzunların Məşğulluq Proqramında iştirak etmək üçün quyuların istismarı və idarə edilməsi/ qazma və tamamlama, maliyyə/mühasibat uçotu və nəzarət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit ixtisasları üzrə 2011-2013-cü illərdə bakalavr və magistr dərəcələrini bitirən məzunlar, qazma mühəndisliyi (elektrik, mexanik, boru kəməri, korroziya və s.) ixtisası üzrə isə 2010-2013-cü illərdə məzun olanlar sənəd verə bilərlər. Yay Təcrübə proqramına 2014-cü ildə bakalavr və magistr dərəcələri alacaq məzunlar bu ixtisaslar üzrə müraciət edə bilərlər: quyuların istismarı və idarə edilməsi/ qazma və tamamlama, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, qazma və qazma mühəndisliyi, maliyyə/mühasibat uçotu və nəzarət, biznes, insan resursları və informasiya texnologiyaları. Yay Təcrübə proqramı yay tətili dövründə 10 həftə ərzində BP-nin əməkdaşı olmaq imkanı yaradır. Təcrübə zamanı namizəd yüksək əmək haqqı ilə təmin olunur, kollektivdə işləmək bacarığı əldə edir, layihə və əməliyyatların əyani iştirakçısına çevrilir.

- Qeyd etdiniz ki, namizədlər ingilis dilindən imtahan verməlidirlər. Bu məsələ yəqin ki, yuxarıda sadaladığınız proqramlarda iştirak etmək arzusunda olanların çoxunu narahat edir. İngilis dilini mükəmməl bilmək əsas şərtlərdən biridirmi?

- Yaxşı sualdır. Yəqin ki, xəbəriniz var, sentyabrın 4-də yeni Neft və Qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramına (NİMTP) start verilib. Burada ingilis dili seçim şərtlərinə daxil deyil. Bu proqram neft və qaz, texniki fakültələrin məzunlarına ingilis dili, kollektivdə işləmək, kommunikasiya, təqdimatların hazırlanması bacarıqlarını inkişaf etdirməyə, nəzəri biliklərin praktikada tətbiqinə imkan yaradır. 11 aylıq NİMTP məşğələləri dünyada tanınmış treninq şirkətləri TTE Technical Training, Petrofac Ltd və neft və qaz üzrə ixtisaslaşmış dünyanın ən məşhur Heriot-Watt Universitetinin ekspertləri tərəfindən aparılır.

- Məzunlar bu proqrama necə sənəd verə bilərlər?

- Neft və Qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramına müraciət etmək üçün namizədlər bizim veb-səhifəmizə − www.bp.com/caspian/careers daxil olub Məzunların Məşğulluq Proqramı üçün nəzərdə tutulan ərizə formasını doldurmalıdırlar. Ərizə forması ingilis və Azərbaycan dillərindədir. Sənəd vermək üçün şərtlər isə 2013-cü il Məzunların Məşğulluq Proqramında olduğu kimidir.

- Dediniz ki, bu proqramlar BP-nin tam ştatlı tamhüquqlu işçisi olmaq şansı verir. Hazırda şirkətinizin əməkdaşı olan belə şanslı namizədlər çoxdurmu?

- Statistikaya müraciət edək: son 4 il ərzində 264 gənc mütəxəssis işə götürülüb, 203 tələbə isə BP-də təcrübə keçib. Bir sözlə, BP şirkətinin qapıları istedadlı mütəxəssislər üçün həmişə açıqdır.

- Proqramlar haqqında daha ətraflı məlumat əldə etmək istəyənlərə məsləhətiniz...

- Maraqlananlar bizim veb-səhifəmizə daxil olub müvafiq bölmədəki məlumatlarla tanış olsunlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1655

Oxşar yazılar