Bakıda Milli Neft Məlumat Banklarının konfransı keçiriləcək
29 oktyabr 2012 16:53 (UTC +04:00)

Bakıda Milli Neft Məlumat Banklarının konfransı keçiriləcək

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ənənəvi olaraq keçirilən bu nüfuzlu konfransın məqsədi neft məlumat bankına malik olan və ya onu yaratmağı planlaşdıran ölkələr arasında təcrübə mübadiləsinin aparılması, neft-qaz sahəsində məlumat bazalarının yaradılması ilə bağlı standartların işlənilib hazırlanmasıdır.

Ümumilikdə 35 ölkədən 180 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Azərbaycan bu beynəlxalq forumda ikinci dəfədir iştirak edir. Konfransda ARDNŞ-nin korporativ məlumat bazası, informasiya texnologiyaları və rabitə departamentinin rəisi Aliyə Hüseynova şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nəzdində ODLAR korporativ məlumat bazasının yaradılması ilə bağlı iki illik təcrübəni əks etdirən hesabatla çıxış edərək, əldə olunan uğurlar, ilkin mərhələdə qarşıya çıxan çətinliklərin dəf olunması və gələcək planlar haqqında geniş məlumat verib. Konfrans iştirakçıları Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi hesabatı mütərəqqi hesabatlardan biri kimi qiymətləndirib və ölkəmizdə Milli Neft Məlumat Bankının yaradılması sahəsində başlanılmış işləri təqdir ediblər. Azərbaycanın postsovet ölkələri arasında Milli Neft Məlumat Bankı sahəsində təcrübəsini bölüşən ilk ölkə olduğu vurğulanıb. Konfransda neft məlumat bankının yaradılmasına dair bir sıra işçi sənədlər və standartlar qəbul edilib.

Konfransın ikinci günü Azərbaycan üçün daha əlamətdar olub. 2014-cü ildə keçiriləcək növbəti konfransın yeri haqqında müxtəlif təkliflərin verilməsinə baxmayaraq, müzakirələr nəticəsində tədbirin Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul olunub. Bakıda keçiriləcək konfransda 40-45 ölkədən 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransa hazırlıq işlərinin ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən aparılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar