“Sonra bildik ki, xalçaya bükülü atamın cəsədiymiş...” – <span style="color:red;">İNTERNAT DƏHŞƏTLƏRİ
08 iyun 2017 11:09 (UTC +04:00)

“Sonra bildik ki, xalçaya bükülü atamın cəsədiymiş...” – İNTERNAT DƏHŞƏTLƏRİ

 

Vüsalə Məmmədova “İnternat dramı”nda atılmışların dəhşət dolu yeni hekayəsini yazır

 

I hissə

 

II hissə

 

Uşaqları öpərkən ağlayan kişinin hönkürtüsü Nazilə müəllimənin sözlərini eşidilməz etdi... Bu anda uşaqların beşinin də ürəyindən eyni arzu keçirdi: “Kaş ki, əmi deyilən bu adam bizi Nazilə müəllimənin üzünü görməyəcəyimiz yerə aparsın...”

 

Əmi bir az ağlayandan sonra, əlini cibinə atıb, bir dəstə pul çıxartdı. Burnunu çəkə-çəkə pul topasının arasından çəkdiyi onminliklərin hərəsini bir uşağın ovcuna basdı. Baş verənlərə olduqca laqeyd yanaşan Mirsəmid və bacıları susmuşdu. Seymurla Məhəmmədəli pulu yenidən kişiyə uzatdılar:

 

- Biz bunun nə qədər olduğunu, onu neyləyəcəyimizi bilmirik. Xahiş edirik, özünüzə götürün. Əgər çox istəyirsinizsə, gələn dəfə gələndə bu pula bizə nə isə alıb gətirərsiniz...

 

Orta yaşlı kişi yenə ağladı. Uşaqları bir də öpərək, “Yenə gələcəyəm”, deyib, getdi...

 

***

 

- O vaxta qədər əminiz olduğunu bilirdiniz?

 

- Bilmirdik... Sən demə həmin ərəfədə artıq valideynlərim Bakıya köçübmüş. O da öz əmilik borcunu yerinə yetirmək üçün gəlib bizi görməyə...

 

- Sonra yenə gəldi?

 

- Gəldi... 2002-ci il idi... 10 yaşım var idi... Yenə beşimizi də Nazilə müəllimənin otağına çağırdılar... Getdik ki, əyləşib... Bizimlə görüşüb, “sizi evə aparmağa gəlmişəm”, dedi... Sevinirdik...

 

***

 

Direktorun otağından birbaş maşına qaçdılar. İlk dəfə uşaq evindən kənara çıxacaqdılar. İlk dəfə ev deyilən yerin necə olduğunu görəcəkdilər... Maşının pəncərəsindən küçələrə, yollara elə hərisliklə baxırdılar ki, nə qədər yol gəldiklərinin fərqində olmadılar. Maşından enən kimi yad insanlar onları qucaqlayıb, ağlamağa başladılar...

 

Ağlayan insanlar uşaqları bir-birinə ötürərkən, bir də gördülər həyətə daxil olub, evə keçiblər. Nəhayət, bir tanış sima gördülər – anaları!

 

Bu dəfə anaları da onları qucaqladı. Qucaqladı və ağladı. Artıq hər kəs, hətta anaları da ağladığı üçün uşaqlar da ağlayırdılar... Ətrafdakı səslər bir-birinə qarışdı:

 

- Aparırlar...

 

Uşaqlar səssizcə insan selinə qoşulub həyətə endilər. Ortada xalçaya bükülü nə isə var idi. Hamı kənara çəkilib, ağlayırdı. Arada qadınlar “Səkkiz balanı yetim qoyan Ağalar”, “Yazıq Gülzaman, səkkiz uşağı necə saxlayacaq” deyirdilər. Seymurgil nə baş verdiyini anlamasalar da, söhbətin onlardan getmədiyindən əmin idilər. Atalarının adı Ağalar, analarının adı da Gülzaman idi. Amma axı onlar səkkiz uşaq deyildilər. Cəmi üç qardaş, iki bacı idilər. Bir də evdəki böyük qardaşları... Yenə də səkkiz eləmirdi... Seymur bütün bunları hesablaya-hesablaya sağa-sola baxanda yanında dayanan Məhəmmədəlidən sonra iki körpə oğlan uşağının da dayandığını gördü...

 

Bir azdan biləcəkdi... Ev deyilən yerdə ilk qarşılaşdıqları dəfn mərasimi idi. Xalçanın arasındakı ataları idi... Onu Bakıda avtomobil vurmuşdu... və ən son öyrəndikləri o oldu ki, özlərindən kiçik iki qardaşları da var. Dəfndən sonra anaları yanındakı iki azyaşlı oğlan uşağını onlara göstərib, “tanış olun, bunlar sizin kiçik qardaşlarınızdır”, dedi...

 

Bütün bu qarışıqlıqları yemək stolunda unutdular. Beşi də həyatlarında ilk dəfə doyunca yemək yedilər... Hətta masa boşalanda da onlar stuldan qalxmır, əyləşib gözləyirdilər...

 

Ailədə ilk günləri tez keçdi. Axşama yaxın əmiləri onları yenidən maşınla uşaq evinə qaytaranda başa düşdülər ki, onları sadəcə atalarının dəfninə aparıbmışlar...

 

***

 

- Uşaq evinə qaytarılanda elə bildik bizi yenidən atıblar. Çox sıxıldıq. O qısa müddətdə elə ümidlənmişdik ki... Sonra böyük qardaşım məzun oldu, bacılarımı isə təhsildən yarımçıq ayırdılar... Anam yası verib, Bakıya qayıdanda onları özü ilə apardı... Bir gün isə əmim gəlib dedi ki, sizi Bakıya köçürdəcəyik ki, ananıza yaxın olasınız... Anam bir restoranda aşpaz işləyir, böyük qardaşlarım isə fəhləlik edirdilər. Arxamızca da böyük qardaşımız gəldi... Sentyabrın 29-da əmimlə gəlib, bizi Lənkəran uşaq evindən çıxartdılar. Əmim dedi ki, mən sizi qatara mindirəcəyəm, qardaşınız aparacaq... Yenə sevinirdik ki, evə gedirik... Dəmiryolu Vağzalından avtobusla xeyli yol getdik. Böyük bir tikilinin qarşısında dayananda “Nə böyük evimiz var!” deyib heyrət edirdik... Qapının o üzündə bizim kimi internat uşaqlarının yaşadığını ağlımıza da gətirmirdik...

 

Beləcə, həyata Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki sanatoriya tipli 10 saylı internat məktəbində davam etdik...

 

- Burada uşaqlara münasibət necə idi?

 

- Müəllimlər qolumuzdan yapışıb çəkəndə iki qardaş atılmaq hissini şüurlu şəkildə, özü də ikinci dəfə yaşayırdıq... İki gün ağladım... Amma sonra fərqinə vardıq ki, cənnətə düşmüşük. Direktor Dilarə Həsənova idi. Dilarə xanımı Nazilə müəllimə ilə müqayisə edirdik... Lənkəranda direktor səhvi olan uşağı hamının yanında cəzalandırıb, alçaldıb, o biri uşaqların gözündən salırdılar, Dilarə xanım səhv edəni otağına çağırıb söhbət edir, o səhvin gələcəkdə bizə hansı ziyanlar vura biləcəyini izah edir, sonra da “gələcəkdə bir də səndə bu səhvi görməyim” – deyərək, məsələni həll edirdi. Müəllimlərə tapşırırdı ki, mənim bu uşaqlara əlim dəymirsə, sizin də çırtma vurmağa haqqınız yoxdur.

Biz iki qardaş vərdiş etmişdik, dərslərimizi birnəfəsə həll edirdik ki, axşam ac qalmayaq. Axırda bir gün tərbiyəçi dedi nə olub, niyə tələsirsiniz? Arxayın dərsinizi oxuyun, arxanızca qovan yoxdur ki...

 

- Burada işgəncə yox idi?

 

- Bakıdakı internat evlərində bir xüsusi qayğı var ki, əyalətdə o yoxdur. Əsas çətinliyimiz işgəncə və aclıq idisə, burada o yox idi. Müəllimlər bizdən çox razı idi, təzə gələn qardaşlar yaxşı oxuyur, deyirdilər. Vaxt surətlə keçdi və sinfin əlaçısı seçildik. Hiss edirdim ki, burada əlaçı olmağım oradakı işgəncələrin təsiridir... Tək bunu yox, çox şeyi hiss edirdim...

 

- Məsələn...

 

- Valideynlərimi günahlandırırdım... Anam artıq iki kiçik qardaşımı – Mirağa ilə Mirsadiqi də gətirib internata vermişdi... Qardaşın nə demək olduğunu dərk edirdim, onlara qayğı göstərməyə çalışırdım... Tövsiyə verirdim ki, özünüzü ağıllı aparın, müəllimin sözünə baxın, sizi döyməsinlər. Sonra da ürək-dirək verirdim ki, qorxmayın, bir şey olsa mən buradayam, gəlib sizi qoruyacağam... İllərlə özümün eşitmək istədiyim nə söz var idisə, onlara deyirdim...

 

- Ananız burada da gec-gec gəlirdi yanınıza?

 

- Lənkəranda ildə iki dəfə gəlirdisə, burada ayda bir dəfə gəlirdi. Həm də artıq özü pul qazanırdı deyə, bizə yemək də gətirirdi... Deyirdi sizin bu vəziyyətə düşməyinizdə mən günahkar deyiləm. Sanki özünü gələcəkdə qarşılaşacağı suallardan qoruyurdu. Atanız məni məcbur etməsə, sizi atmazdım, deyirdi... İnternatda həftə sonu əksər uşaqlar evə gedir, əlli uşaq qalırdıq... Anam istədi bizi də hər həftə sonu aparsın, mən razı olmadım...

 

- Niyə?

 

- Çətin idi... Ayda bir gəlsə də, əlində yemək gətirsə də, yad qadın idi... Mən həftə sonunu onunla necə keçirəcəkdim? Kimsəsiz uşaqların arasında daha rahat idim, bu, mənim həyat tərzim idi... Lənkəranda o qədər gözüyolda qalmışdıq ki... Bazar günlərini oturub pəncərədən yola baxır, yad maşınları öz aramızda bölür, “bu maşında mənim ailəm gələcək, o maşında sənin” deyir, arxamızca kiminsə gələcəyinin xəyalını qururduq. Körpə ağlımızla bilirdik ki, özümüz özümüzü aldadırıq... Valideynini görəndə içində heç bir duyğu oyanmamağı kimsəyə arzulamıram.... Böyüyürdüm və özümü ittiham edirdim ki, niyə mən? Niyə mənim valideynlərim? Niyə mənim həyatım belə olmalı idi? Niyə məni atmalı idilər? Niyə mənə belə valideynlər nəsib oldu? Mən böyüdükcə, niyələr də çoxalırdı...

 

- Gələcək haqqında nə düşünürdünüz?

 

- Əsgərlikdən qayıdıb ailə quracağam və onların qayğısına qalacağam. Uşaqlarımızın səksən faizi belə düşünürdü. 2011-ci ildə məzun olduqdan sonra bir ay anamla yaşadım... Ağlım kəsəndən ilk dəfə idi bir evdə qalırdıq... Çox sıxılır, üzünə baxmağa utanırdım... Bir ay sonra hərbi xidmətə getdim. Beyləqan rayonunun Haramı düzü adlanan ərazisində xidmət edirdim. Doqquz ay sonra xəbər gəldi ki, anan vəfat edib... Sən demə xərçəng xəstəliyi var imiş, böyük bacı-qardaşım bilsə də, mənə demirmişlər... Bu xəbəri alanda çox fərqli bir hiss yaşadım. Sanki anamın vəfat etdiyini biləndən sonra onu sevməyə başladım... Həyatda kimsəsiz olduğumu bilirdim, amma içimdə düşünürdüm ki, bir nəfər də olsa, var. Düzdür, bunu ona heç vaxt anama bildirmirdim. İncik idim, könlüm alınmamışdı... Qəlbim sınmışdı, ovutmamış getdi... Əsgərliyin qalan 9 ayı mənə 9 il kimi keçdi... Yerlə yeksan idim...

 

Özümü yenidən qorumağa, gələcək haqqında qərarlar verməyə başladım. Komandirim var idi, onunla saatlarla söhbət edirdik, mənə həyatı başa salırdı. İzah edirdi ki, iradəli ol, yetər ki, nəyisə istə... Deyirdi ki, qayıdan kimi işləməli, ailəyə dəstək olmalısan... 2013-cü il yanvarın 1-də hərbi xidmətimi başa vurub, qardaşlarımın yanına qayıtdım. Yeni il başlamışdı, mənim üçün isə yeni həyat başlayırdı...

 

Böyük qardaşım ailə qurub, ayrı yaşayırdı. İki bacım da artıq ailəli idi. Qardaşlarım kirayədə qalır, çox ağır vəziyyətdə yaşayırdılar. Təkcə Mirsəmid işləyir, qalanları oxuyurdu. 6 aydır ev pulu verilməyib, paltarı yuyan yox, yeməyi bişirən yox...

 

Qayıdandan 3 gün sonra gül mağazasında işə başladım. Heç bir təcrübəm yox idi. Amma işi qavramaq bacarığım o qədər yaxşı idi ki, bu günə qədər də həmin mağazadayam... İndi artıq püxtələşmişəm, bayramlarda, xüsusi sifarişlər olanda dəvət edilirəm... O vaxt günə 10-15 manat alırdım. Pul yığıb, evin borcunu verdik. Bütün pulumuz kirayəyə gedirdi...

 

- Bu o ev idi ki, ananız orada vəfat etmişdi?

 

- Bəli. Elə ilk gündən o evdə idik. Sonra sinif yoldaşımla rastlaşdım və o mənə dedi ki, Qara Qarayev metrostansiyası yaxınlığında internat məzunları üçün yataqxana var. Elə orada da Araz Əhmədovla tanış oldum. Artıq 2015-ci il idi... Araz ailə vəziyyətimizi bilən kimi, “məmnuniyyətlə qəbul edərik” dedi və yenidən internat mühitinə qayıtdıq...

 

Arazın üstümdə böyük əməyi var. O, mənim içimdəki potensialı gördü. Bu gün ona çox borcluyam. Onunla tanışlıqdan sonra həyatımda yeni bir mərhələ başlandı – təlimlər, seminarlar, kitablar... Fərqinə vardım ki, gəncəm... Bu həyatı ana-atasız da yaşamaq olar... Əsas odur ki, əsl Seymuru tapım. Həyatımla mübarizə aparmağı bacarım. Başladım özümü inkişaf etdirməyə...

 

Tək üzüldüyüm odur ki, qardaşlarım mənim mühitimə yaxın gəlmirdilər. Özümü inkişaf etdirdikcə qardaşlarımı özümdən geridə görürdüm. Halbuki, əvvəllər onları özümdən qabaqda görürdüm...

 

2016-cı ildə isə qərar verdim ki, həyatda tək olmaq, hələ həyata tək davam etmək demək deyil. Ailə qayğısı, ailə istiliyi görməliyəm. Xoşbəxtlik mənim də haqqımdır. Təlimlərdə tanış olduğum stomatoloq xanıma evlilik təklif etdim... 2016-cı ilin oktyabrında toyumuz oldu... 6 ay kirayədə yaşayandan sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunları üçün tikilən binadan evlə təmin olundum. Bir aydan sonra da ata olacağam... Qızımın adını Damla qoyacağıq... İndi öz üzərimdə daha çox işləyirəm. Çünki çox keşməkeşli həyat yaşamışam. Valideynlərimin uşaqlardan öncə özlərini tərbiyə etməmələrinin altını çəkmişəm.

 

- Valideynlərinizin məzarını ziyarət edirsiniz?

 

- İldə bir-iki dəfə rayona gedəndə atamızın məzarını ziyarət edirik. Mən sadəcə söhbət etməyə gedirəm. Niyələr o qədərdir ki... Soruşuram ki, məni daşımağa gücün yox idisə, niyə dünyaya gətirirdin? Mən niyə bu əzabları görməliydim? Anamın məzarını isə... Anamın vəsiyyəti belə olub ki, məni Bakıda dəfn edin, uşaqlara yaxın olum, yanıma gəlib-gedə bilsinlər. Onun məzarını bir övlad kimi ziyarət edirik. Çünki o qadın dünyadan bir valideyn kimi köçdü... Ən azından, imkanı çatan qədər bizi başına yığdı... Düzdür, onun da günahı çox idi... Atamızın qabağını kəsə bilərdi... İndi həyatıma baxıram... Mən bu valideynləri istəməzdim. Amma barışmışam...

 

- İçinizdə “heyf” dediyiniz nə isə qalıb?

 

- Bir yerdə yaşadığım bir ay üçün heyf deyirəm. O dönəmlərdə nəyisə bərpa edə bilərdik...

 

- Xoşbəxtsiniz?

 

- Xoşbəxtəm! Xəyalımda canlandırdığım ailəmi qurmuşam. Həyat yoldaşın sayəsində özümə ata-ana qazanmışam. Ömrümdə görmədiyim valideyn qayğısını, diqqətini bu gün qayınanamdan, qayınatamdan görürəm. Onlara ürəklə ana-ata deyirəm. Onlar da məni övladları kimi qəbul edirlər.

 

Başa düşdüm ki, bu həyatı yaşamağa məcbursan... Özümə dedim ki, səni internata yox, küçəyə atsalar necə olacaqdın? Özümdə güc tapıb, illər öncə uşaq evinə atılan Seymuru yenidən qurdum! Zamanında uşaq evindən gəldiyimizi, atıldığımızı gizlədirdik. Həmişə belə kompleksimiz olur. Bu gün isə fəxrlə deyirəm ki, mən uşaq evi məzunuyam və ayaqdayam!

 

Bu gün biz səkkiz bacı-qardaş deyilik, bütün məzunlar bizim bacı-qardaşımızdır. Yoldaşım hərdən şikayət edir ki, “uşaqlarla məndən çox vaxt keçirirsən”. Cavab verirəm ki, onlarla da vaxt keçirmək lazımdır... Bəzən əyləşib saatlarla danışırıq. Görürəm ki, hamı valideynlərini ittiham edir, “onlar bizi atmasalar, belə olmazdıq” deyirlər... Düşünürəm ki, onlar da özlərini kəşf edəcəkləri mərhələni adlamalıdırlar.

 

SON

# 6382
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar