<b>İnternat dramı:</b> “Orda gələcəyi müzakirə etmirlər...” – <span style="color:red;">SON BÖLÜM
25 dekabr 2014 17:53 (UTC +04:00)

İnternat dramı: “Orda gələcəyi müzakirə etmirlər...” – SON BÖLÜM

Əvvəli: http://news.lent.az/news/187347

 

Elçinlə Rəşad üçün Lənkəran uşaq evinə uyğunlaşmaq asan olmamışdı. Elçin oradakı ilk gününü belə xatırlayır:

 

- Arazı bizdən ayırıb aparandan sonra məktəbin tininə qədər arxasınca getdim. Ağlayırdım... Müəllim əlimdən tutub məni geri qaytardı. İçəri girəndə Rəşadı qoyduğum yerdə görmədim. “Rəşad hanı” deyib qışqırmağa başladım. Dedilər ki, onu öz qrupuna aparıblar. Sakitləşdirmək üçün məni də onun yanına apardılar. İçəri girəndə Rəşad gözləri yaşlı sevinməyə başladı. Demə, bayaqdan ağlayırmış... Uşaq elə başa düşüb ki, Arazdan sonra da məni aparıblar...

 

- Rəşad ağladığınızı gördü?

 

- Kövrəlirdim, amma Rəşadın yanında həmişə özümü saxlamışam. Təsəlli verirdim, deyirdim Araz işə gedib, axşam gələcək. O da inanıb sakitləşirdi. Çünki Araz rayonda olanda da işə gedirdi...

 

Uşaq evində ilk gecə. Onları yenə ayırıb başqa-başqa otaqlara aparırlar. Hərə öz yaş qrupu ilə yatmalı imiş. Burda hətta onların qardaş olduqları da nəzərə alınmır. Gün boyu Elçindən ayrılmayan Rəşadı gecə yatmağa aparanda yenə dodaqları büzülüb, gözləri dolmuşdu. Altı yaşlı Elçin çarəsiz halda nəzarətçidən xahiş elədi:

 

- Olar yuxuya gedənə qədər qardaşımın yanında qalım. Onda ağlamaz...

 

- Olmaz! Guya sən böyüksən?! Keç öz yatağına! Girin yerinizə, yatın, işığı söndürürəm!

 

Elçin yerində uzanıb sakitlik düşməsini gözlədi. Uşaqların və nəzarətçinin yatdığından əmin olandan sonra ayağa qalxdı. Hiss etdirməmək üçün barmaqlarının ucunda yeriyirdi. Altı yaşlı uşaq qaranlıqda Rəşadın yatağına çatanda onu ağlayan gördü. Üç yaşlı Rəşad qardaşını görüb pıçıldadı:

 

- Qaranlıqdır, mən qorxuram...

 

- Şşşş! Sakit. Yavaşca qalx, mənimlə gəl...

 

Qardaşlar bir-birindən yapışıb səs salmadan çətinliklə Elçinin yatağına gəlib çıxa bildilər. Elçin qardaşını yanında uzandırıb yatırmağa başladı. Rəşad ağlamağını kəsmişdi. Elçin onun qulağına pıçıldayırdı:

 

- Sabah atamız gələcək. Tez yat ki, o gələnə qədər oyana biləsən... Sağalandan sonra anamız da gələcək, yat, ağlama... Yat...

 

Yaşıdlarının ana laylası ilə yatdığı oğlan valideyn qoxulu vədlərlə kiçik qardaşını yuxuya verdi. Özü isə yuxuya gedə bilmədi... Səhər açılmağa az qalmış Elçin yerindən qalxıb Rəşadı qucağına almağa çalışdı. Gücü çatmırdı...

 

Nəzarətçinin Rəşadı onun yatağında görəcəyindən qorxan Elçin, birtəhər uşağı oyadıb gecə gətirdiyi kimi də öz yerinə qaytardı. Rəşad yuxulu idi, yerinə girən kimi yatdı. Elçin yenə barmaqlarının ucunda geri qayıtdı...

 

Dörd-beş gündən sonra onlar uşaqlarla dostlaşdılar. Elçin tək olanda yenə fikir edir, kövrəlirdi. İllər sonra bu haqda danışanda belə deyəcəkdi:

 

- Rəşadın yanında olanda hər şey yaxşı idi. Özümə tez-tez deyirdim ki, mənim böyük qardaşım var, o tezliklə bir yolun tapıb arxamızca gələcək, bizi burdan çıxaracaq...

 

Bir neçə ildən sonra Elçin artıq istəyəndə Lənkəranı gəzməyə gedə bilirdi. Bir dəfə mağazadan qayıdanda dostları qabağına qaçıb “Rəşadı karserə saldılar” xəbərini verdi. Elçin birbaşa direktorun otağına qaçıb “Tez qardaşımı ordan çıxardın!” deyirdi. Sözünə məhəl qoyulmayan Elçin var gücü ilə balaca yumruqlarını düyünləyib Nazilə xanımın masasının üstündəki şüşəyə çırpdı:

 

- Sizə deyirəm mənim qardaşımı ordan çıxardın!

 

Şüşə Elçinin balaca yumruqlarından cilik-cilik oldu. Nazilə xanım onu otaqdan çıxartmaq haqda göstəriş verdi. Otaqdan çıxarılan Elçin həyətə qaçıb karserin pəncərəsinə dırmaşdı. Bir az əvvəl gücünü şüşə üzərində sınadığından karserin dəmir barmaqlarını qopara biləcəyinə əmin idi...

 

Balaca əlləri ilə barmaqlıqları silkələyib “Rəşad, qorxma, burdayam, səni çıxardacam” deyən Elçin Lənkəran Uşaq evində son saatlarını yaşadığından xəbərsiz idi...

 

- Yaşadığımız bütün çətinliklərə baxmayaraq, hər şeyin yaxşı olacağına inanırdıq. Araz bizə deyirdi ki, əgər yaxşı oxusanız, gələcəyiniz uğurlu olacaq. Ən çətin günlərimizdə Rəşad bu çətinlikləri hiss eləməsin deyə ona uğurlu gələcəyimiz haqqında qurduğum xəyallardan danışırdım. Bu da bizə optimist olmağa kömək edirdi.

 

- Araz hər dəfə Lənkərana gəlib qayıdanda necə ayrılırdınız?

 

- Hər dəfə sağollaşanda eyni sözü deyirdi: Rəşadı öncə allaha, sonra isə sənə əmanət edirəm. Sən artıq böyümüsən və məsuliyyətlisən. O balacadır, ona dəstək ol və heç vaxt tək buraxma. Mən də üzərimə düşən vəzifəni fəxrlə yerinə yetirməyə çalışırdım.

 

Heç vaxt unutmuram, Araz bir dəfə yanımıza gələndə Rəşada qarmon, mənə isə nağara almışdı. Əlimizdən yerə qoymurduq. Araz gedəndən sonra uşaq evinin mühasibi Rüxsarə xanım məni çağırdı ki, yanınıza gələn oğlan kim idi? Bu hədiyyələr hardandır? Dedim böyük qardaşımdır. Bakıda, internatda qalır. İmkan tapan kimi bizim yanımıza gəlir. Onda Rüxsarə xanım dedi ki, halal olsun elə qardaşa.

 

O hadisədən sonra Rüxsarə xanım bizə çox isinişdi. Bizi tez-tez öz evinə aparırdı. O qadının bizim üstümüzdə zəhməti çox olub. Böyüyüb internatdan ayrılandan sonra gedib onu tapdım. İndi Bakıda yaşayır. Mən hərbi xidmətdə olanda xəstə idi, oğlu tez-tez yanıma gəlirdi... Allah ona şəfa versin.

 

Müsahibəyə Arazla davam edirik. Həmin gün Nazilə xanım telefonda ona “Sən mənim ən yaxşı oxuyan uşaqlarımı apardın” deyəndə Araz telefonu qulağından uzaqlaşdırmışdı. Qadın ürəyindəki bütün sözləri deyəndən sonra sənədləri internata göndərdi. Arazın indi başqa problemləri var idi:

 

- İnternatda həzm eləmədiyimiz yeganə şey yerli uşaqların bizim qızlara söz atmaqları idi. Hardasa 150 nəfərdən 60 nəfəri qız idi. Mən 10-cu sinifdə oxuyanda artıq uşaq çox idi, 350 nəfərdən çox uşaq var idi. Kənd uşaqları axşamüstü gəlib korpus tərəflərdə fırlanırdı, dəli olur, pəncərədən atlanıb gedirdik, dava düşürdü. Eh, qırğınlar olurdu...

 

- Döyülüb qayıdırdınız, yoxsa?

 

- Allah internat uşağına həmişə güc verir. Bu mövzuda heç vaxt məğlub olmamışdıq. (Gülür) Ümumiyyətlə, uşaqlarımız bu sahədə çox bacarıqlı idilər. Güləşdi, futboldur... Məsələn, futbolçu potensialı olan uşaqlarımız çox idi. Onları seçib məşğul olsaydılar, futbolumuza xeyirləri dəyərdi. Ronaldonun hərəkətlərini ondan yaxşı təkrarlayırdılar.

 

- Məşqçisiz?

 

- Hətta topsuz! Cırıq bir topun içinə cır-cındırı basıb tikirdilər, olurdu futbol topu. Yaxşı şeir yazan, meyxana deyən uşaqlar var idi. Bir uşağımız var, “Eurovision” yarışmasına da çıxdı, mərhələni keçməyə sms-i çatmadı.

 

İndi danışdıqca yadıma düşür, uşaqlarımız var idi ki, bir yerdən “kolonka”, o biri yerdən naqil tapırdilar. Hər şeyi bir yandan tapıb gətirib qoşurdular bir-birinə, olurdu radio.

 

Bizim məktəbin də çətinlikləri olub, amma şən məktəb olub. Məsələn, bizdə çox sadə cəza üsullarından birini deyim. Qapının qarşısındakı böyük vedrədə kaktus gülü var idi. Şuluq salanda müəllim yaxamızdan tutub sürüyüb atırdı kaktusun üstünə. Orda oturmalıydın. Bu başqa bir duyğudur. Bunu ancaq internat uşağı anlaya bilər. Çünki onlardan başqa heç kim kaktusun üstündə oturmağın nə demək olduğunu bilmir.

 

- Başqa hansı cəza növləri var idi?

 

- Mənim üçün sadalamaq çətindir. Problemlər məni bərkitdiyinə görə o cəza növlərini özümə yaxın buraxmamışam. Həm də axı mən lap körpəlikdən orda olmamışam.

 

- Körpəlikdən ora düşənlə sonradan düşən uşağa münasibət fərqli olur?

 

- Əlbəttə! Körpəlikdən düşənlər daha çox əziyyət çəkməli olur.

 

- Müəllimlər sizə nə vaxtsa “kimsəsizsiniz” fikrini hiss elətdirirdi?

 

- Uşağın taleyini üzünə vurmaq halları çox olurdu. Bunun üstündə bir dəfə hərbi müəllimi ilə dalaşmışam. Uşağın birinə “anan səni atıb, bilinmir hardadır, filankəs oğlu filankəs” deyib valideynini təhqir elədi. “Bilinmir... kimdir...” dedi...

 

Mən tanıdığım internatlar içində ən yaxşı yaşayış Xətai rayon 3 saylı uşaq evində olub. Biz onlara “pirojna ilə böyüyən mama uşaqları” deyirdik. (Gülür) Müdirələri Zöhrə xanım onları öz uşağı kimi əzizləyirdi. Ancaq ən şən bizim internat olub.

 

- Artıq qardaşlarınız yanınızda idi. Müəyyən mənada rahatlaşmışdınız. Yaşıdlarınız o vaxtlar adətən universitetə hazırlaşır. Siz o yaşda nə edirdiniz? Gələcəyi necə qururdunuz? Nələr planlayırdınız?

 

- Mənə qoyulub gedən əmanətləri bir yana çıxartmağı planlayırdım. Özümdən əvvəl qardaşlarımı düşünürdüm.

 

- Ümumiyyətlə, ordakı uşaqlar üçün gələcək nədir? Necə arzular qururlar?

 

- Mən orda elə böyük bir arzu, xəyal qurulduğunun şahidi olmadım. Həmişə elə bu gün, sabah... İnternatda gələcəyi müzakirə etmirlər.

 

1998-ci ildə “Son zəng”imiz oldu. Tədbirin sonunda uşaqlardan soruşdular ki, bundan sonra nə edəcəksiniz. Cavablar əsasən belə idi: “Rusiyaya gedəcəm”, “Hərbi xidmətə gedəcəm”, “Kimimsə var, axtarıb onu tapacam”...

 

- Siz nə dediniz?

 

- (Gülür) Bu gün də həmin sözün arxasındayam. Dedim mən çalışacağam ki, özümdən sonra gələn internat uşaqlarına az da olsa fayda verim. Çalışacam valideyn himayəsindən məhrum olmuş uşaqlar biz çəkən əziyyəti çəkməsinlər.

 

- Və məzun oldunuz. Həmişə mənə maraqlı gəlib, internatdan məzun olan uşaqlar hara gedir?


- ...Elə ona görə bir il də qalıb işlədim...

 

- Orda buna icazə verilir?

 

- Mən qaldım. Anbarda işləyirdim. 2000-ci ilin yay ayları idi, artıq bu baryeri aşmaq lazım idi. İnternat adamı passivləşdirirdi, yemək orda, yatmaq orda, təkrarçılıq. Bunun sonu yox idi. Düşünüb qərar verdim ki, getməliyəm. Qardaşlarım böyüyürdü, onlar məzun olana qədər bir şərait qurmalıyam. Xalam böyük bacımı ərə vermişdi, özü rəhmətə getmişdi... Böyük bacım Şamaxıda yaşayırdı, kiçik bacım da onunla qalırdı.

 

İnternatı bitirib getməyə yeri olmayan uşaq çox idi, orda qalırdılar. Biz bir neçə dost “Getməliyik, hətta ləngimişik” dedik. Heç vaxt yadımdan çıxmır, internatı tərk edəndə fikirləşirdim ki, iş axtarmaq üçün çantamı hara qoya bilərəm ki, özümlə sürüməyim.

 

- Çantanızda nə var idi?

 

- Suvenirlər, xatirə dəftəri, şəkillər, pal-paltar... Onu deyim ki, Küveyt Xeyriyyə Cəmiyyəti bizə elə paltarlar verirdi ki, heç satışda elə ayaqqabılar, cinslər olmurdu.

 

- Ordan çıxanda neçə yaşında idiniz?

 

- Hələ iyirmi olmamışdı. Üç dost birləşib çıxdıq. Bir neçə günə ev tutduq. Başladıq iş axtarmağa. İlk seçimimiz “lepka” oldu. Bir oğlanımızın qohumunun “Lepka sexi”var idi, ordan başladıq. Qısa bir vaxta öyrəndik, sonra özümüzə sex açdıq... (Gülür) Sonra başladıq briqada yaradıb ev təmir etməyə. Ustalarımız var idi. Biz ancaq işin gedişatına nəzarət edirdik.

 

Sonra əlimə bir qanun düşdü, daha doğrusu, qanundan bir cümlə. Orda yazılırdı ki, internat məktəbini bitirmiş gənclərə fərdi yaşayış üçün torpaq sahəsi ayrılır. Getdim Təhsil Nazirliyinə. Xeyli vaxtdan sonra həmin qanunu əldə edə bildim. O qədər gedib-gəldim ki, axırda bir nəfər qanunun sürətini çıxardıb mənə verdi və tapşırdı ki, heç kimə demə məndən almısan.

 

Qanunla bənd-bənd tanış olan Araz onu götürüb bir-bir bütün dövlət qurumlarını gəzməyə başlayır. Təcrübəsiz idi, “harasa müraciət edərkən bu qanunun bu quruma dəxli varmı deyə düşünmürdüm” deyir:

 

- Qapıdan girirdim, qanunu ortaya qoyub başlayırdım çıxış eləməyə. Qabağıma nə binası çıxdı, girirdim ora. Altı ayacan mübarizə apardım. Bu müddətdə mən artıq ictimai fəaliyyətin tam təcrübəsini topladım. Bildim ki, hansı qurum necədi, harda adamı qəbul edirlər, harda yola verirlər və s.

 

Bu altı ay ərzində Araz qəribə münasibətlərlə qarşılaşırdı:

 

İcra başçısının müavini: Sən torpaq istədiyin yerdə torpağın sotu beş mindir. Sənə də altı sot torpaq düşür. İndi belə çıxır sən qəfil qapıdan girib bizdən otuz min manat pul istəyirsən.

 

Araz təmkinini pozmurdu:

 

- Mən bilmirəm neçə min manat istəyirəm, ancaq onu bilirəm ki, sizdən haqqımı istəyirəm və alacam.

 

Və yaxud bir nazirliyin hüquqşünası: Burda 18-23 yaş nəzərdə tutulub. 27 yaşın var. Sənə düşmür.

 

Araz mübarizəsini davam etdirirdi:

 

- Demək siz 23 yaşımda mənə verəcəyiniz bir şeyi mənimsəmisiniz. Deməli siz 4 ildir mənim hüquqlarımı tapdalayırsınız. Bunu mənə 4 il qabaq verməliydiniz. Niyə vermirdiniz?

 

Bəhanələrlə onu başından eləmək istəyən dövlət qurumları bu dəfə daha çətin suallar qarşısında qalırdılar...

 

- Sonacan mübarizə apardım. Hara gedirdilər, məni yollarında görürdülər. Axırda ala bildim. O torpağı bacı-qardaşlarımın arasında böldüm. Sonra on bir nəfər uşaq üçün bu işi gördüm, bu dəfə uzağı ay yarım çəkdi. Artıq prosesləri bilirdim, boş yerə vaxt itirmirdim.

 

- Nə vaxt ailə qurdunuz?

 

- Tez ailə qurmuşam, 2002-ci ildə. Yanımda mənə dəstək olan biri olsun, qardaşlarımın internatdan çıxanda gəlməyə evləri, isti ocaqları, onları gözləyən bir ailələri olsun istədim. Tərbiyədə mütləq qadın əli lazımdır.

 

- Harda tanış oldunuz?

 

- İnternatda dövlət anbarında çalışan Məlahət xala var idi. Mən o ailənin sevimlisi idim, tez-tez gedib gəlirdim. Orda onun məndən iki yaş kiçik bacısı qızı ilə tanış olmuşdum. Təklif elədim, etiraz eləmədi.

 

- Bəs deyirlər qızlar ancaq varlı oğlan axtarır?

 

- Qətiyyən! (Gülür) Qabaqcadan dedim ki, mən bayramlıq, nişan və s. dalınca qaçası deyiləm.

 

- Kim elçi getdi?

 

- Məlahət xala. Ailə quranda 21 yaşım var idi. İki toy elədim, birini Bakıda, o birini Şamaxıda... Dostlardan ayrılıb kirayəyə çıxdım. 23 yaşım olanda qızım doğuldu. Anamın adını qoydum – Gülzar. Rəşad 13 yaşı olanda əmi idi. İndi Gülzarın 13 yaşı olacaq, kiçik qızım Zəhranın isə dörd yaşı var. Eynən Rəşada oxşayır. Onun kimi şən, şıltaq və civə. (Gülür)

 

- Mənə maraqlıdır ki, ata olanda nə hiss edirdiniz. Siz artıq neçə ildir qardaşlarınıza atalıq edirdiniz. Bu duyğu yeni idi, yoxsa elə əvvəlkilər kimi...

 

- Atalıq alnıma yazılıb. (Gülür) Bilmirəm necə izah edim. Mənim hələ də ən məsuliyyətli, ən həssas yerim Rəşaddır. Ona olan valideyn borcumu yerinə yetirməmişəm. Qızlarımdan zərrə qədər də narahat deyiləm, ata-anaları başlarının üstündədir, allah eləməsin, lap başımıza bir iş gələrsə, mən qızlarım sarıdan valideynlərim kimi gözü arxada getməyəcəm. Bilirəm ki, onları gözlərindən kənara qoymayacaq bibiləri və əmiləri var. Amma Rəşadda o yoxdur. Onun mənim qızlarım kimi əmisi, bibisi yoxdur. Rəşad mənim üçün Elçindən və bacılarımdan fərqlidir. Bacılarım hər şeyi xatırlayır, Elçini silkələsək, nələrisə yadına sala bilir. Amma Rəşadın ata-ana ilə bağlı heç bir xatirəsi yoxdur. Bu səhifələr onda ağappaqdır. Ona görə bir az fərqlidir.

 

- Rəşadın yanında ən çox Elçin olub...

 

- Onlar son illərə qədər bir gün də olsun bir-birlərindən ayrılmayıblar. Elçin hər an Rəşadın yanında olub, onu qoruyub, qeydinə qalıb. Baxmayaraq ki, özü də uşaq olub, qayğıya, diqqətə, sevgiyə ehtiyacı olub, amma həmişə bir əli Rəşadın üstündə olub, daim onu arxasınca hər yerə dartıb. Elçin Rəşadın əlini ancaq o vaxt buraxırdı ki, hərə öz sinfinə dərsə girirdi. Sizə bir məqamı deyim. Mən Elçinin Lənkəran uşaq evinin pəncərəsinə çıxıb oranın dəmir barmaqlıqlarını dartışdırıb qardaşını ordan çıxarmağa çalışdığını görəndə içim xeyli rahatlaşmışdı. Elçinin zəif biri olmadığını görmüşdüm.

 

- Nə vaxt ayrılmalı oldular?

 

- Elçin əsgərliyə getdi, o qayıdan kimi Rəşad getdi. İlk dəfə idi ayrı qalırdılar. Onlar hərbi xidmətdə olanda artıq mən arxalarınca getmirdim, bunu doğru saymırdım. Artıq uşaq evində deyildilər, oğul kimi vətənə xidmət edirdilər. Amma onlar orda da bir-birini görməyə gedirdilər. Rəşadın hərbidə bir problemi olubmuş, Elçinlə birləşib yoluna qoyubmuşlar. Mən həll olunandan sonra bildim, dedilər səni narahat eləmək istəmədik. Yəni o dar günlərdə Elçin özü də bilmədən mənə böyük dayaq olub. İndi yenə Rəşadla ayrıdırlar...

 

- Bu dəfə səbəb?

 

- Rəşad Moskvadadır. Məzun oldu, hərbi xidmətini başa vurub qayıtdı və bizim xeyirxah mələyimiz öz kömək əlini bizə uzatdı...

 

Bu yerdə oxucularımızı Arazın “xeyirxah mələk” adlandırdığı xanımla tanış edək: DAN Beynəlmiləl İctimai Birliyinin sədri Gülarə Teymurova.

 

- İctimai fəaliyyətə başlamışdım. Tədbirlərə gedir və hər yerdə eyni mənzərə ilə rastlaşırdım. Hamı danışır, internat uşaqlarının xeyrinə bir addım atan isə yox idi. 2008-ci ildə bu insanlardan fərqli biri ilə, Gülarə xanımla tanış oldum. Mən həyatdakı bir çox uğurlarımı onun dəstəyilə həyata keçirmişəm. Yəni, bizim uğurun açarı Gülarə xanım olub. Şahidəm, bu adam imkanı çatan, səlahiyyəti olan bütün dost-tanışından xahiş edib internat uşaqlarının cəmiyyətə inteqrasiya etməsi üçün çalışıb. Hər il 10-15 internat məzununa psixoloji inteqrasiya təlimi keçib, sonra o gənclərin siyahısını Heydər Əliyev Fonduna göndərir. Fond bu gəncləri ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma idarəsində ixtisaslaşdırıb, şirkətin müxtəlif müəssisələrində işlə təmin edir.

 

Elçin məzun olanda mən ali təhsil alması üçün israr elədim, razı olmadı ki, işə başlamaq istəyirəm. Gülarə xanım Elçini də təlim keçdikləri uşaqların siyahısına qatdı. Yeri gəlmişkən, Gülarə xanımın təşəbbüsü ilə düz 71 internat uşağı Neft Şirkətinə işə düzəlib.

 

- Rəşad da o uşaqların arasındadır?

 

- Yox, Gülarə xanım Rəşad üçün başqa bir kömək etdi. İndi Rəşad Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin Beynəlxalq Hüquq fakültəsinin 5-ci kursunda oxuyur, həm də orda məhkəmədə işləyir. Ümumiyyətlə, Gülarə xanım çətinliklə nail olub ki, Moskvada bizim internat məzunlarından on dörd gənc ali təhsil alır. Bu il dörd məzunumuz olacaq. Onlar ilk internat uşaqlarıdır ki, ali təhsil alırlar. Məsələn, mən təəssüflə deyirəm ki, ali təhsil ala bilməmişəm. Bunu çox istəsəm də...

 

Gülarə xanıma zəng edib Araz haqqında soruşanda ilk sözü bu oldu:

 

- Araz mənim üçün çox dəyərlidir. İlk dəfə bu səliqəli, ciddi və gülərüz oğlanı görəndə düşündüm ki, onda liderlik məharəti var. Qəribə gülüşü var idi, üzü gülürdü, amma elə gülürdü ki, başa düşürdün qeyri-ciddi adam deyil. Çox məsuliyyətli oğlandır. Böyük ürəyi var. Onu kənardan müşahidə eləyib gördüm ki, bu uşaq tək qardaşlarına atalıq eləmir, həm də o biri internat uşaqlara böyük qardaşlıq edir. Təsəvvür edin, valideyn himayəsindən məhrum olan uşaqların torpaq sahəsi ilə təmin olunması haqqında qanundan ilk istifadə edən gəncdir. Ona da nə çətinliklə nail oldu...

 

- Elçin də sizin haqqınızda çox xoş sözlər dedi. “Uşaq vaxtkı xəyallarımızı həyata keçirməkdə bizə etdiyi köməyə görə Gülarə xanıma minnətdaram” dedi.

 

- Bir gün Araz xahiş elədi ki, Elçin məktəbi qurtarıb, onu da təlimlərinizə cəlb edin. Elədik, sonra Heydər Əliyev Fondu onları oxudub, Neft Şirkətində işlə təmin etdi.

 

Sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq bir layihə həyata keçirdik. Bu layihə beş il davam etdi. Sonuncu tədbirdə Moskvadan gələn nümayəndə heyətinin rəhbəri Vaqif Bayramovla tanış olduq. Xahiş elədim, dedi çalışacam Rusiya Təhsil Nazirliyi Azərbaycan üçün kvota ayırsın, internat məzunları ödənişsiz təhsil ala bilsinlər.

 

İki ildən sonra zəng elədi ki, ilk uşaqları göndərin! Rəşad da bu vaxt əsgərlikdən qayıdırdı. Rəşadla bir yerdə beş gənc göndərdik.

 

- Xərcləri kim çəkdi?

 

- İlk illəri təqaüd verilmirdi, onda mən Moskvada yaşayan azərbaycanlı bir iş xanımını tapdım, uşaqların yol xərcinə sponsorluq etdi. İndi isə bizim Təhsil Nazirliyi onlara təqaüd verir.

 

- Hər il internat məzunumuz Rusiyada təhsil almağa gedə bilir?

 

- Bu ildən alınmayacaq. Rusiya qərar verib ki, Rusiya universitetlərinə qəbul bizim Təhsil Nazirliyi ilə yox, səfirlik vasitəsi ilə aparılsın...

 

- Təəssüf...

 

- Neyləyək? Biz yaxşılığımızdan qalmayacağıq. İndi də gedib Rusiya səfirliyinə müraciət edəcəm. Ümid edirəm, alınacaq. Mən həmişə deyirəm, biz öz övladlarımız üçün hər şeyin yaxşısını etməyə çalışırıq. Amma bir tərəfdə də belə qayğıdan məhrum olan uşaqlar var. Onlar bizim gələcəyini parlaq görmək istədiyimiz övladlarımız üçün real təhlükədirlər. Düşünün, məktəbi bitirib qalır işsiz-gücsüz. Getməyə yer yox, bir gün, iki gün... Nə qədər yaxşı insan da olsa, axırda yoldan çıxacaq. Ya oğurluq edəcək, ya da başqa yolla deyəcək necəsə həbsə düşüm, ən azından yatmağa yerim, yeməyə çörəyim olsun. Amma biz hamımız öz uşaqlarımız kimi onların da qayğısına qalsaq, övladlarımız üçün gözəl gələcək qura bilərik. Hesab edirəm ki, bu sahədə bütün qadınlar birinci xanımımız Mehriban Əliyevadan örnək almalıdırlar. Bu uşaqlar üçün yemək, pul verməklə iş bitmir, onların özlərinin əlini çörəyə çatdırmaq, qarşılarında işıqlı yol açmaq lazımdır.

 

Mən inanıram ki, Rəşad hələ aspiranturada da qalacaq. Ona bir şans yaradılıb və o da qarşısına məqsəd qoyub, bu məqsədlə özünü motivasiya edib irəli gedir. Belə, Rəşad da getdi oxumağa. Elçinin isə ailəsi var idi, Neft Şirkətində işləyirdi. Arazın böyük qızı var idi. Dedim Araz, bəs sən nə vaxta qədər təmir işləri ilə məşğul olacaqsan? Dedi əsas qardaşlarımdır, mənim artıq oxuyan vaxtım deyil. Dedim yox, oxuyacaqsan!

 

Qısası, onu da o siyahıya saldıq. İndi o da Neft Şirkətində çalışır. Mən bu üç qardaşdan həm razıyam, həm də onlar sarıdan ürəyim sakitdir ki, təmin olunublar.

 

Sonra da Araza dedim sən bir təşkilat yarat və qardaşlıq etdiyin uşaqların hamısnı yığ başına. Nə qədər kənardan baxacaqsınız ki, kimsə sizin problemlərinizin həlli ilə məşğul olur. Özünüz də prosesə qoşulun, ağlına batdı.

 

Araz indi DAN Beynəlmiləl İctimai Birliyinin könüllülər üzrə koordinatorudur, Prezident yanında Dövlət Gənclər Fondunun təcrübəçisidir. Bu ilin fevralında isə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyini yaradıb. Ətrafında üç yüzdən çox internat məzunu toplaşıb.

 

Və Rəşadın özü ilə kiçik müsahibə:

 

- O günlərdən yadımda qalan xatirələr çoxdur. Əsasən də KVN-də çıxış elədiyim dövrlər. Məktəbimizdə səkkiz nəfərdən ibarət KVN qrupu yaratmışdılar, məni də ora seçmişdilər. O qədər balaca idim ki, hamı məni “karlik” deyə çağırırdı. Həmişə əsas rolları mənə verirdilər. Mənim də bir xüsusiyyətim var idi, hərdən sözlər yadımdan çıxanda gülməyə başlayırdım. Hətta bir dəfə sözlər yadımdan çıxanda bilmədən bərkdən mikrofona güldüm və səhnədəki bütün uşaqları gülmək tutdu.

 

- Lənkərandan Bakıya gəlməyiniz yadınıza gəlir?

 

- Əlbəttə! Araz bizi Bakıya gətirəndə çox sevinirdim. Uşaqlıqdan yaxşı oxumağa həvəsli olmuşam. Deyirdim “Bakıda daha da yaxşı oxuyacam və univeysitetə giləcəm”. Düzdür, universitetin nə olduğunu tam anlamırdım, amma eşitmişdim ki, ora ancaq savadı olan uşaqlar qəbul oluna bilir.

 

Hətta bir dəfə Araz zarafatla mənə dedi ki, səni universitetə qəbul etməyəcəklər, çünki “R” hərfini deyə bilmirsən. Bunu ciddi qəbul eləmişdim və gecələr gizlicə “R” hərfini məşq eləyirdim. Araz da bunu görəndə doyunca gülmüşdü.

 

- Onda Arazı necə çağırırdınız?

 

- Avaz deyirdim. Uşaqlar da mənimlə zarafatlaşıb deyirdilər ki, o kimdir, biz o adda adam tanımırıq... (Gülür)

 

Böyüdüm, artıq bütün hərfləri düzgün tələffüz edə bilirdim. Hərbi xidmətdən qayıdanda Araz dedi sənə şad xəbərim var. Səni oxumağa göndəririk! Bu, biz qardaşların həmişə qayğısını, sevgisini, diqqətini hiss elədiyimiz Gülarə xanımın dəstəyi idi...

 

Araz on üç il kirayədə yaşayıb. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün bina inşa olundu. Arazla birlikdə 60 internat məzunu evlə təmin olundu. Ömrünün üçüncü onilliyini başa vurandan sonra ev sahibi olan Araz bu haqda belə danışır:

 

- Əvəzsiz hədiyyə idi. Təsəvvür edin, evlər elə vəziyyətdə idi ki, bazarlığını elə, gəl gir içində yaşa. Otaqlarda çay qaşığına qədər qoyulmuşdu. Görün neçə nəfər “evli” oldu.

 

- İMSİ haqqında danışmaq istəyirəm. İndi uşaqlar məzun olanda yanınıza gələ bilir? Onları qarşılamaq imkanınız var?

 

- Yataqxanamız var. Ordan çıxan uşaq bizim kimi “çantamı hara qoyum” dərdi çəkməsin istədik. Yanvarda hərbi xidmətini başa vurub gələn uşaqlar Bakıya çatan kimi başqa heç kim yoxdur axı, sinif yoldaşı ilə əlaqə saxlayır, onlar da mənim telefon nömrəmi verir. Zəng edirlər: “Mən filan rayonun uşaq evində böyümüşəm, indi şəhərə gəlmişəm”. Deyirəm gəl. Birinci yataqxanada yerləşdiririk.

 

- Bəs iş tapmaqları?

 

- Baxırıq görək o gəncin hansı təlimlərə, ya cəmiyyətə inteqrasiyaya ehtiyacı varsa, yönləndiririk. Bilirsiniz, internat qapalı yerdir. Eynən həbsxana kimi...

 

- Sonunda siz də ora həbsxana dediniz...

 

- Lap olsun hərbi hissə kimi. Müstəqil deyilsən, rejimdəsən. Müstəqil həyata atılanda görürsən həyatda səni tamam başqa şeylər qarşılayır. Xəyal etmədiyin, ağlına gəlməyən şeylər...

 

- Məsələn...

 

- Məsələn, işə düzəlmək üçün harasa müraciət edirsən, hər şey qaydasındadır, amma biləndə ki, uşaq evindən gəlmisən, münasibətləri dəyişir. Məsafə saxlayırlar ki, bu adama etibar edə bilmərik. İnternat uşağını kollektivə necə qataq və s. Qürurla deyirəm ki, neft sahəsində yetmiş bir nəfər internat uşağı çalışır və bu günə qədər bir nəfər olsun problem yaradan kadrımız yoxdur və ən məsuliyyətli uşaqlar da bizimkilərdir.

 

- Cəmiyyətə inteqrasiya problemini aradan necə qaldırırsınız?

 

- Hara çatıram birinci özümü təqdim edirəm ki, mən internat uşağıyam. Çünki cəmiyyətin internat uşaqlarına qarşı fikirləri birmənalı deyil. İnternat uşağı eşidəndə ağıllarına kriminal, tərbiyəsiz, kobud biri gəlir. Ona görə istəyirəm onları öz simamda tanıdam. Uşaqlarımız var sıxılırlar, demək istəmir.

 

İndi inteqrasiya çətindir. Bizim vaxtımızda uşaq evlərinin qapıları açıq idi. Universitet tələbələri ürəkləri istəyəndə gəlib gedir, bizimlə dostlaşırdılar. Oxuduqları maraqlı kitabları bizə gətirib paylaşanı olurdu, biz oxuyandan sonra bir yerdə müzakirə edirdik. Həftə sonunu bizimlə keçirənlər olurdu, indi isə ora giriş asan deyil, münasibət məhdudlaşdırılıb. Beləcə, internat uşaqlarını bir növ cəmiyyətdən təcrid edirlər. Onlar sabah inteqrasiyada problem olmasın deyə bu gündən kənardan dostlar qazanmalıdırlar. Birinci cəmiyyət onlara inteqrasiya eləməlidir. Cəmiyyət onlara sevgilərini göstərməyincə... İnternat uşaqlarının həyatında ən böyük boşluq sevgidir. Bir adam tapıb ona öz sevgilərini verirlərsə, inanın ki, onu bütün varlıqları ilə verirlər. Ona görə də onların bu sevgisini qazanmaq lazımdır. Onların sevgisini qazanmaqla hansısa xəyanətkar, etibarsız, ziyanverən yox, etibarlı, güvənli, inamlı, doğma insan qazanmaq olar.

 

- İki qızınız var, uşaq evindən uşaq götürüb onlarla bir yerdə böyütmək istərdiniz?

 

- İki uşaq götürməyi düşünürdüm. Amma... Proses çox məşəqqətlidir. Adamlar tanıyıram ki, neçə dəfə mənim xəttimlə də olub ki, uşaq götürmək istəyiblər. Mümkünsüz yerə gətirib çıxardırlar. Konkret səbəb gətirmirlər. Yox deyirlər. Daha düşünmürlər ki, ən pis ailədə böyümək belə uşaq üçün gələcək deməkdir. Bu o deməkdir ki, sabah cəmiyyət onu internat uşağı kimi yox, ev uşağı kimi qəbul edəcək.

 

- Uzun zaman rahat yuxum olmadı deyirsiniz. Qardaşlarınızı Bakıya gətirəndən sonra necə, rahatlıq var idi?

 

- Fikirləşəndə görürəm ki, mənim indi də rahat yuxum yoxdur. Bu bir dəfəyə həll olunan proses olsa, fikirləşərsən ki, həyatımda hər şeyi yoluna qoydum. Elçinin toyunu eləmişik, ailəsi, evi, işi var. Amma Rəşaddan arxayın deyiləm. Ali təhsil alır, əsas problemləri həll olunmuş sayılır, amma mən özümü yükdən azad olunmuş saymıram. Onun ailəsi yoxdur. Onun toyunu görməmişəm. Narahatam...

 

- Sıfırdan qalxmaq üçün adama nə lazımdır?

 

- İnam. Birinci növbədə inam. Bir də ki, gərək optimist olasan. Mütləq! Fikirləşməlisən ki, bunu kimsə eləməyibsə, sən edə biləcəksən. Hətta bacarmayıbsa da, sən bacaracaqsan.

# 6664
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar