“Anamın arxasınca baxıb, kövrəldim... bilirdim ki, bir də gəlməyəcək...” - <span style="color:red;">İNTERNAT DRAMI
29 iyul 2015 14:06 (UTC +04:00)

“Anamın arxasınca baxıb, kövrəldim... bilirdim ki, bir də gəlməyəcək...” - İNTERNAT DRAMI

Görüşməzdən öncə Youtube-da mahnılarını dinlədim. Sonra hekayəsini...

Kimsə inciməsin, tanınmışlarla, xüsusi ilə də müğənnilərlə müsahibə etməyi sevmirəm. Oxucu rəğbəti qazanmaq üçün hamısı özünə fərqli keçmiş uydurmağa çalışır... Eşidiblər ki, ulduz olmaq üçün insanın həm də ürəkdağlayan keçmişi  olmalıdır...

Müsahibimin səsi də var, istedadı da... Amma heç bir restoranda iş tapa bilmir. Səbəb çox sadədir – məşhur deyil! Halbuki, adamın məşhur olmaq üçün necə hekayəsi var...

Təbiətdə, ağacların çox olduğu yerdə söhbət etməyimizi istədi: “Təbiətdə xoşbəxt, hüzurlu olur, özümü valideynlərimin yanında hiss edirəm”.

Lent.az-ın “İnternat dramı”nda növbəti qəhrəmanım müğənni Xəyal Tağıyevlə parkda görüşdük.

 

***

 

I hissə: http://news.lent.az/news/208598

II hissə: http://news.lent.az/news/208828

 

III hissə

 

Burada ilk dəfə uşaqlarla dalaşmaq istədiyi gün qarşısında Qurban müəllimi gördü. O, həm ədəbiyyat müəllimi, həm də tərbiyəçi idi. Bütün uşaqlar onun zəhmindən çəkinirdi. Uşağa nadir hallarda əl qaldırardı. Amma bir şilləsi, ya qulağını çəkməsi, hətta bəzən səsini azacıq qaldırması kifayət idi ki, o səhv bir də təkrarlanmasın.

 

- Niyə uşaqlarla yola  getmirsən?

 

Xəyal başını aşağı salıb, susdu.

 

- Arxamca gəl!

 

Kakış dəhliz boyu rastlaşdığı müəmma dolu baxışların mənasını hələ bir azdan sonra anlayacaqdı. Anlayacaqdı ki, burada çox uşaq ilk dəcəlliyindən sonra Qurban müəllimin arxasına düşüb onun otağına qədər gedib və o otaqdan başqa birisi olaraq çıxıb...

 

İndi növbə Kakışın idi, o bu gün adını, davranışını yerli-dibli unutmalıydı.

 

Qurban müəllim otağın qapısını açıb, içəri girdi. Kakış qapıda dayandı. Qurban müəllim arxası ona tərəf sakit səslə dedi:

 

- Qapını ört!

 

Kakış qapını örtüb Qurban müəllimə tərəf döndü:

 

- Niyə uşaqları vurursan? – Bu səsdə artıq mülayimlikdən əsər-əlamət yox idi. Qurban müəllimin şilləsi ona ağzını açmağa imkan vermədi:

 

- Onlar da sənin kimi uşaqdılar! Hamısı bacın, qardaşındır! Bura isə evinizdir!

 

Bu günə kimi heç bir kəlmə onu belə bərkdən silkələməmişdi. Bu günə kimi ilk şillə idi ki, onu qıcıqlandırıb daha da özündən çıxartmadı. Qurban müəllimin son sözləri uzun müddət onun qulağından getmədi: “Bura evinizdir!”

 

***

 

- Qurban müəllimi heç vaxt qınamıram. Döyməsən, uşaq düzəlməyəcək. Şillədir, qulaqdan çəkməkdir, bunlar lazımdır. Sözə baxmırdım, müəllim neyləsin?!

 

- Müəllim şilləsi başqalarından çox fərqlənir?

 

- Bir-iki şillə şəkdi, gözümdən od çıxdı. (Gülür) Qəribədir, adamı özününkü vuranda üzünə qayıdırsan, daha da tərsləşirsən. Amma yad vuranda, üstəlik, sən orda təksən, qəribsən, heç kimin yoxdursa, onda çox qəribə bir mütilik gəlir uşağa. Sakitcə tabe olursan və...

 

- Və...?

 

- Çəkilib kənarda oturursan. Başlayır depredsiya dönəmi. Bir-iki ay belə davam edir. Bir gün yataqda, o biri gün stolun altında ağlayırsan. Başa düşürsən ki, heç kimin yoxdur qısılmağa... Özünə qapılırsan... Dediyim kimi, ayrılıq mənim üçün heç vaxt önəmli olmamışdı, kimsə üçün darıxmırdım. Amma Qurban müəllimin tənbehindən sonra önəmli oldu. İlk dəfə düşünməyə başladım.

 

- Nə düşünürdünüz?

 

- Anladım ki, bura tamam başqa bir dünyadır. Burada “olmaz”lar var. Əvvəllər “eləmə” deyəndə, tərsliyimə salıb, “edəcəyəm” deyib, çıxıb gedirdim. Burada isə etməliydin! Hara gedəcəksən? Haran var ki, getməyə? Və səndən də başqa o qədər belə uşaq var ki... Məcburiyyət qarşısında tez böyüyürsən. Mən də sanki iki ay ərzində 4-5 yaş böyüdüm. Özümlə tək qalıb çox düşündüm. Hər şey haqda fikirləşir, nəyin nə olduğunu götür-qoy edirdim...

 

- Əsasən nəyi fikirləşirdiniz?

 

- Artıq uşaq deyildim, anlayırdım ki, ana-ata nə deməkdir. Eyni zamanda atasızlıq və anasızlıq nə deməkdir... Təbiətcə ağlayan, darıxan, kövrələn uşaq deyildim. Amma indi kövrək olmuşdum. Atıldığımı hiss edirdim...

 

***

 

Xəyal özünə qapılarkən, adını müəllimdən eşitdiyi Haqverdi barədə də düşünürdü.

 

Sanki qəfil böyüyərək, yaddaşında ilişib qalan qəhqəhələri çözür, ətrafındakıların niyə və nəyə güldüklərini özü üçün ayırd etməyə çalışırdı.

 

Qurban müəllimin qulağından çəkilməyən “Bura evinizdir” kəlməsi ilə yanaşı bibilərin, xalaların hikkəli səsini eşidirdi – “Haxı dəlidir”, “gicdir”, “banditdir”, “oğrudur”. Anası ilə Qazağa gələndə eşitdikləri idi...

 

Günlər keçdikcə sözlər yan-yana düzülüb cümlələrə çevrilirdi – “Moskvadan bir ovuc qızıl ilə gəlib hamısını kənddəki qadınlara payladı” və bitmək bilməyən kinayələr, istehzalar...

 

Zamanında o, belə söhbətlərin kimdən getdiyini anlamır, öz işində, oyununda olurdu. İndi hər şey ona o qədər aydın idi və hər şey aydınlaşdıqca yaşamaq çətinləşirdi. Bilmək, anlamaq asan deyildi.

 

Bir uşaq üçün həyatı atıldığını hiss etməklə başlamaq çox çətindir...

 

Bütün bu fikirləri yerbəyer etməmiş Xəyalın bədənində möhkəm ağrılar başladı. Sümükləri sızıldayırdı. Oturduğu yerdə süstləşir, halı pisləşirdi...

 

Müayinədən məlum oldu ki, uşaq narkotik asılılığından əziyyət çəkir. Təcili müalicəyə başladılar.

 

Aylar keçdi. Müalicə, adaptasiya dönəmi başa çatdı. Kakışdan əsər-əlamət qalmamışdı. Xəyal tamam başqalaşmışdı. İndi onun burada çoxlu dostları vardı.

 

Gecələr söhbətləri bitmirdi.

 

Gecələr yatmaq komandası verib, işıqları söndürürdülər. Amma uşaqlar hələ qaydalara tabe olmaq üçün çox körpə idilər. Yataqdan qalxıb, söhbətə başlayırdılar. Gecə dayəsi Elya xala eşitdiyi ilk pıçıltıdan qapını açıb, qışqırırdı:

 

- Demədim yatın?!

 

Eyni zamanda da əlindəki şlanqla yataqlara çırpmağa başlayırdı. Zatən onun səsi gəlməklə bütün uşaqlar yatağa uzanıb, yorğanı başlarınacan çəkirdilər. Səs salmayan, bayaqdan yatan uşaqlar isə şlanqın ağrısına yuxudan dik atılır, nə olduğunu anlamadan yuxulu – yuxulu sağa-sola baxır, Elyanın “yatın” qışqırığı ilə yenidən yatağa uzanırdılar...

 

***

 

- Özümü yavaş-yavaş tanıyırdım. Müəllimlər “ana-atanız yoxdur, bundan sonra ancaq biz varıq” deyir, nəsihət verirdilər. Başa düşmüşdüm ki, təkəm və çətin olacaq. Anlayırdım ki, ən yaxşısı müəllimlərə qulaq asmaqdır. Onlar da “oxuyun, pislik etməyin, tərbiyəli olun” deyirdilər. Müəllimlərimizə çox minnətdaram ki, bizi oxudub, tərbiyə veriblər. Evdə kiməsə ala-yarımçıq tərbiyə ya vermişdilər, ya yox...

 

- Dərslərinizi necə oxuyurdunuz?

 

- Qiymətlərim “əla” idi. Bundan da başqa, yuxarı siniflərdə dram dərnəyində çıxış edir, tamaşalar hazırlayır, rollar oynayırdım. Cəfər Cabbarlının dramlarını səhnəyə qoyurdum. Müəllimlər də, uşaqlar da həvəslə gözləyirdilər ki, “Xəyal tamaşa göstərəcək”.

 

- Uşaq evində yeməklər necə idi? Normal qidalanırdınız?

 

- Uşaq evi belə yerdir ki, direktor daşıyır, müəllim daşıyır, xadimə daşıyır... Yeməyin yağı yoxdursa, o necə ola bilər? Ərzaq azaldıqca, xörəyin dadı qaçırdı. Amma bu da bir standartdır. Artıq hamı qəbul edib ki, məktəbdə yeməyin dadı olmaz. (Gülür) Bu, ev yeməyi deyil! Ən azından acından ölməmişik, yeməyimiz olub.

 

- Ananız yanınıza gəlirdi?

 

- Bir dəfə 1995-ci ildə gəldi. Uşaq evində yanına gələn olanda hamı sənin dostun olurdu. (Gülür) Zarafat deyil, düz bir həftəlik şokoladın var idi.

 

- Ananızla görüşünüzü necə xatırlayırsınız?

 

- Mən artıq başqa uşaq idim. Sanki manqurtlaşmışdım. Görüşdük, sonra getdi. Gedəndə arxasınca baxıb, kövrəldim. Daha bir də gəlməyəcəyini bilirdim. Amma bir dəfə olub ki, yadıma düşüb və ağlamışam. O da anam yox, Türkmənistandakı xatirələr...

 

- Müsahiblərimdən bilirəm ki, uşaq evində hərənin özünə seçdiyi bir gizli yeri olur, kövrələndə ora çəkilir.

 

- Hə, kimi çarpayının altına girib ağlayır, kimi süfrənin. Mən yataqda yorğanla başımı örtüb ağlayırdım əsas... Amma internatımızı sevirdim. Xoşbəxt idim. Bilirsiniz, başıma gələnlərdən sonra uşaq evi rahat idi. Ətrafımda mənimlə eyni taleyi yaşayan uşaqlar vardı. Kimsə kimsəni alçaltmırdı. Oranın sadəcə bir problemi var.

 

- Nədir o problem?

 

- Psixoloji məqamdır. İnsan öhdəliksiz böyüyür. Buna görə də uşaq evindən çıxanların çoxunda məsuliyyətsizlik var. Çünki öhdəlik hissi yoxdur. Məndə də var bu cəhət. Hələ bəzilərini yığışdırmışam. Məktəbdən qabaq da həyatım olub, özü də keşməkeşli. Yəni o çətin həyatla məktəbin birgə ortaya qoyduğu məhsul var ki, o məhsul bir az... Necə deyim, gələcək üçün planlar qurmur.

 

- Heç arzunuz yox idi?

 

- Məktəbi qurtarıb kim olacağımın xəyallarını qururdum. Gah prezident olmaq istəyirdim, gah polis. Türkmənistanda hind filmlərinə baxırdım. Hərdən özümü o qəhrəmanlardan biri hesab edirdim. Atamın haqqında heç düşünməmişəm. Amma qohumlar “bandit” olduğunu demişdilər deyə, xəyallar qururdum ki, böyümüşəm və atamla birlikdə bank soyuruq... (Gülür) Uşaq idim, filmlərə baxıb xəyal qururdum...

 

- Qohum demişkən, onlardan heç kim yanınıza gəlmirdi?

 

- Dayım qızı İlhamə məni həmişə axtarıb. Ona həyatda çox şeyi borcluyam. Özünün də vəziyyəti yaxşı deyildi, ailəli idi, bir oğlu var idi. Bir otaqlı evdə kirayədə yaşayırdılar. Onunla belə bayramlarda gəlib direktordan icazə alar, məni evinə aparardı.

 

- İlhamədən ananız haqqında soruşurdunuz?

 

- O da xəbərsiz idi. Mən heç nə soruşmazdım, amma bir söz eşidəndə özü deyirdi. Məsələn, bir dəfə dedi ki, qardaşın olub...

 

- Təxminən nə vaxt idi?

 

- Dəqiq deyə bilmərəm, amma sonradan bildim ki, qardaşım 1997-ci ildə dünyaya gəlib. Biz çox sonra bilmişik...

 

***

 

Uşaq evində həyat o qədər darıxdırıcı idi ki, uşaqlar dəyişiklik üçün bayramı gözləyirdilər. Prezidentlə görüşəcəkdilər, əylənəcəkdilər və üstəlik hədiyyə də alacaqdılar. Bacarıqlı uşaqlar həmin günü aldığı hədiyyəni gizlədib, yenidən növbəyə dayana bilirdi. Xəyal hər dəfə bu görüşdən bir neçə hədiyyə ilə qayıdırdı.

 

Uşaqlar konfetləri “uzun ömürlü” etməyin yolunu tapmışdılar. “Sümürmə” konfetlərin kağızını saxlayır, bir az sümürəndən sonra yenidən bükür, səhərə saxlayırdılar.

 

Konfetlər tükənəndə isə başqa əyləncə tapırdılar – uşaq evindən qaçmaq!

 

Xəyal da bir neçə dəfə dostlarına qoşulub, qaçmışdı. Əvvəlcə tənəffüslərdə toplaşıb, internatdan xilas olmağın yollarını axtarırdılar. Bəhruz təklif etdi ki, məktəbdən qaçıb getsinlər. Böyüyəndən sonra Bakıya qayıdıb işləyərlər. Bəs necə qaçsınlar? Bəhruzun fikri ağlabatan oldu:

 

- Qatarla qaçaq! Qatarla getmək asandı, uşaqlar hamısı elə gedir. Orda bir yer var, girib gizlənirsən, nəzarətçi gələndə özünü yuxululuğa vurursan, uzaq başı durub o biri vaqona keçirsən. Qatar gedə-gedə səni içindən atmayacaqlar ki.

 

- Yaxşı, qatarla hara gedək? – Aydın soruşdu.

 

- Bizə, Xaçmaza!

 

Aydın da Xaçmazdan idi. Evə bir addım yaxın olmaq həvəsi uşaqlara elə güc gəldi ki, inamları Xəyala da sirayət elədi. Elə həmin axşam üçü birləşib, uşaq evindən qaçdılar. Qatarla Xaçmaza gəldilər. Səhər dan yeri yenicə söküləndə Xaçmazda idilər. Vağzalda yanaşı oturub, əsnəyirdilər. Doyunca yata bilməmişdilər. Bir tərəfdən də aclıq. Yenə də birinci Bəhruz dilləndi:

 

- Siz burda gözləyin. Mən gedim evə, anamgillə görüşüm. Yemək yeyim, sizə də bir şey gətirim.

 

Xəyalla Aydın Bəhruzu düz iki gün gözlədilər. Aydın Xaçmazın kəndindən idi, buradan evlərinə gedən yolu tanımırdı. Xəyal isə ümumiyyətlə ilk dəfə idi ki, Xaçmazda idi. Uzaqlaşsalar, Bəhruz qayıdıb onları tapmaya bilərdi. İnternat uşaqlarının özlərinə xas sədaqət hissləri olur. Onlar birlikdə başladıqları həyatın ilk addımındaca xəyanət etməzlər. Vağzalda gözləməli oldular...

 

Bəhruz evə gələn kimi anası onu internatdan tək çıxdığı üçün danlayıb, ağzını da açmağa imkan vermədən geriyə, Bakıya gətirmişdi. İnternatın direktoru onun niyə qaçdığını soruşanda məlum oldu ki, Bəhruz tək qaçmayıb:

 

- Bəs Aydınla Xəyal hanı?

 

- Vağzalda məni gözləyirlər. Onlara evdən yemək gətirəcəkdim...

 

Xəyalla Aydının arxasınca gələndə onlar Xaçmaz vağzalında Bəhruzu gözləyirdilər...

 

***

 

- Belə qaçmaqlarımız çox olub. Sonra bu qaçmaqlarımız barədə roman yazmışdım. (Gülür) Bilirsiniz, orada bir balaca oxudun, davranışın yaxşı oldusa, səninlə elə davranırlar ki, sən də lap həvəslənirsən. Əvvəl elə-belə yazırdım, başıma gələnləri. Sonra müəllimlər mənə “Dəftərxana kitabı” hədiyyə etdilər deyə lap həvəsə gəldim. Başladım ona yazmağa... Hardasa gündəlik kimi bir şey idi.

 

- Axırı necə oldu?

 

- İnternat uşaqları arasında inşa müsabiqəsi keçirilirdi. Mən də beş səhifəlik bir yazı yazmışdım. Yadımdadır, münsiflər arasında hətta telejurnalist İlhamiyyə Rza da var idi. Dedi ki, aranızda elələri var ki, yazmağa davam etsə, yaxşı yazıçı olar. Məni deyirdi... (Gülür) İnternata bir jurnalist gəlmişdi. Müəllimlər tez məni göstərib dedilər ki, bu uşağımız roman yazır. O jurnalist də dəftərimi alıb apardı ki, qəzetdə çap edəcəyik. Dəftərim o gedən getdi. Zərifə müəllimə hər dəfə məni görəndə deyirdi ki, “sənin poeman çıxmadı bala”.

 

***

 

2001-ci ildə internatdan məzun olanda bütün məzunlar kimi o da hara gedəcəyini bilmirdi. Tək bir şeydən əmin idi. Gecələri işləyib, gündüzləri oxuyacaq. Mütləq ali təhsil alacaq. İxtisas da seçmişdi, hüquqşünas olmaq istəyirdi. Şəxsiyyətini təsdiq edən tək sənədi doğum haqqında şəhadətnaməsi idi. Sənədlərini hazırlamalı idi. Doğulduğu kənd erməni işğalında idi, rayon mərkəzinə gedib, arxiv sənədlərini qaldırmaq lazım idi. Qazağa yollandı. Doğum haqqında şəhadətnaməsini yoxlayıb verdikləri cavabdan heyrətləndi:

 

- Sənədləriniz saxtadır!

 

- Necə yəni?

 

- Siz Azərbaycan vətəndaşı deyilsiniz! Özü də neçə ildir... 1989-cu ildə Türkmənistandan məktub gəlib. Məktubda bildirilir ki, bu şəxsin adı, soyadı dəyişdirilib və vətəndaşlıq verilib – Meredov Kakış Xudaverdi oğlu. Əlinizdəki sənəd isə etibarsız sayılır!

 

Xəyal uzaqda qalan günləri unutmamışdı. O vaxt Maya uşağın sənədlərini düz-əməlli araşdırmağa da imkan verməmişdi... Xəyalın məsələsini Təhsil Nazirliyində türkmən yemişi ilə tez-bazar həll edib, təcili Türkmənistana qayıtmışdı...

 

(Davamı olacaq...)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7373
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar