Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi bütün yarışlarda Bakının Binəqədi qəsəbəsindəki yanğında həlak olanların və Azərbaycanın əfsanəvi baş məşqçisi Əhməd Ələsgərovun xatirəsi anılacaq. Lent.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov deyib.
Onun sözlərinə görə, bu gün əvəzedicilərin yarışında, 22-23 mayda isə Azərbaycan Premyer Liqası və I divizionda bütün oyunlar öncəsi 1 dəqiqəlik sükut elan olunacaq. Z.Hüseynov bildirib ki, komandalara meydana qara sarğı ilə çıxmaları da təklif olunub.
PFL rəsmisi mayın 22-də "Qarabağ" - "İnter" matçından sonra təşkil olunacaq mükafatlandırma mərasiminin təmtəraqlı olmayacağına da işarə vurub: "Bu barədə qərar yaxın saatlarda veriləcək. Amma inanmıram ki, "Qarabağ"a qızıl, "İnter"ə isə gümüş medallar təmtəraqlı şəkildə təqdim edilsin".
Qeyd edək ki, mayın 19-da Binəqədidəki yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb. Həmin gün "Neftçi"yə SSRİ çempionatları tarixində baş məşqçi kimi yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərov Ukraynanın Odessa şəhərində vəfat edib.