"Real"ın prezidenti Florentino Peres Marko Asensionun klubun təklif etdiyi müqavilənin uzadılması şərtlərindən imtina etməsinə sərt reaksiya verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, madridlilər Asensioya vergilərdən sonra "xalis" mövsüm başına 5 milyon avro maaşla dörd illik müqavilə uzatmağı təklif edib. Lakin Marko bu variantı rədd edib. Asensio yaxınlarda agentini dəyişib. Əvvəllər onun maraqlarını Horasio Qacioli, indi isə Jorje Mendeş təmsil edirdi.
İddiaya görə, müqaviləni yeniləməkdən imtina etdikdən sonra Peres Karlo Ançelottiyə Asensionun oynamaması və ya az oynaması tələbini çatdırıb, çünki oyunçu mövsümün sonunda “Real”da qalmaq istəmir.
Asensionun müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır. Marko sonuncu dəfə 2017-ci ilin sentyabrında “Real” ilə müqaviləsini uzadıb.
Yeni mövsümdə cinah oyunçusu UEFA Superkubokunda "Ayntraxt" ilə oyunda ehtiyatda qalıb. O, La Liqanın start turunda “Almeriya” ilə oyunu da ehtiyatda keçirib və "Selta" ilə növbəti görüşdə Ançelotti sonda Vinisiusun əvəzinə Asensionu yeddi dəqiqəlik meydana buraxıb.