“Qarabağ” Viktoriya”nı da üstələmək iqtidarındadır" -  Məşqçi
10 avqust 2022 16:09 (UTC +04:00)

“Qarabağ” Viktoriya”nı da üstələmək iqtidarındadır" - Məşqçi

“Uzun illər “Qarabağ”ın şərəfini qorumuş biri kimi, bu komandanın qələbələrinə sevinirəm. Qürurverici uğurdur”.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu vaxtilə “Qarabağ”ın formasını geyinmiş, hazırda isə “Zirə”də qapıçı məşqçisi kimi fəaliyyət göstərən Fərhad Vəliyev Ağdam klubunun Çempionlar Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

42 yaşlı sabiq qapıçı Azərbaycan çempionunun III təsnifat mərhələsində “Ferensvaroş” üzərində Macarıstanda qazandığı 3:1 hesablı qələbəyə münasibət bildirib. Vəliyev erkən qolun həlledici olduğunu düşünür: “Qarabağ” dünən “Ferensvaroş”la matçda müdafiədə oturmadı, ilk dəqiqələrdən öz oyununu diktə elədi. Hücum xəttində çox güclü oyunçular var. Macarların müdafiədə buraxdığı səhvlərdən yararlanaraq, erkən qolla hesabı açdılar. Hətta ona qədər Ramil Şeydayevin də fərqlənmək imkanı olmuşdu. Matçın sonlarında hər şey həll edilmişdi. “Ferensvaroş”un təsəlli topu formal bir şey idi”.

Qapıçı məşqçisi 2007-2016-cı illərdə qapısını qoruduğu komandanın ÇL-in qrupuna çıxacağına inanır: “Qarabağ” Azərbaycanı Avropada layiqincə tanıdan klublardan biridir. Bu nailiyyət elə-belə deyil, Qurban Qurbanovun qurduğu kollektivin işinin bəhrəsidir. Pley-offdakı rəqib “Viktoriya” Çexiyanın titullu klubudur. Asan oyunlar olmayacaq. Ancaq düşünürəm ki, “Qarabağ” bu rəqibi də üstələmək iqtidarındadır. Düşünürəm ki, “Qarabağ” çətinliklə də olsa, “Viktoriya”ya qalib gələrək, Çempionlar Liqasının qrupuna vəsiqə qazanacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

# 2481
avatar

Oxşar yazılar