Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Avropa Liqasında mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsinin IV turunun matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri qrupdakı ikinci ev görüşündə “Olimpiakos”u sınağa çəkəcək. Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən “Qarabağ” doğma divarlar arasında da qələbəyə köklənib.
Autsayderlə görüşdə qazanılacaq bir xal təmsilçimizin ilk “üçlük”də yerini təmin etməsi və yazda mübarizəni iki turnirdən birində davam etdirməsi üçün yetərli olacaq. Qonaqlar isə qalib gəlməsə, Avropa Liqasında mübarizəni davam etdirmək şansını itirəcək. Son iki görüşdə “Nant”la “Olimpiakos”u darmadağın edən “Qarabağ” ardıcıl üçüncü qələbəsini rəsmiləşdirə bilər.
Qeyd edək ki, qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edəcək. Fransadakı qarşılaşma da Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.