"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə əlaqə saxlayıb, Türkiyə klubuna keçmək ehtimalı ilə bağlı fikirlərini öyrənib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Mourinyo Ronaldonu “Fənərbağça”ya dəvət edib. Belə ki, o, Ronaldo ilə danışığında, “Əl-Nasr”da xoşbəxtsən? Deyirlər ki, klubdan getmək istəyirsən. Ayrılmaq fikrindəsinizsə, Fənərbaxçaya keçmək istərdinizmi?”, deyə fikrini soruşub.
Məlumata görə, “Fənərbağça”nın idman direktoru Mario Branko artıq Ronaldonun agenti ilə əlaqə saxlayıb.
Kriştiano Ronaldo 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanı klubuna keçib. Portuqaliyalı “Əl-Nasr”ın heyətində 79 oyun keçirib, 68 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Joze Mourinyo iyun ayında "Fənərbağça"nın baş məşqçisi vəzifəsinə keçib. Mourinyonun son iş yeri 2024-cü ilin yanvarında qovulduğu “Roma” olub. Mourinyo əvvəllər “Porto”, “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem”də baş məşqçi vəzifəsində çalışıb.
O, Çempionlar Liqasında iki, Avropa Liqası və Konfrans Liqasında hər birində bir qələbə də daxil olmaqla 26 titul qazanıb. Joze Mourinyo hər üç avrokubok yarışında qalib gəlməyi bacaran yeganə məşqçidir.