İsrailli sehrbazın İDDİASI:  "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə  kömək edirəm"
08 iyul 2026 13:37 (UTC +04:00)

İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"

0

İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi" sayəsində mümkün olduğunu bildirib.

O, uzun illərdir gizli şəkildə İngiltərə yığmasına dəstək verdiyini deyib. 79 yaşlı illüzionist bunu həyatının təxminən, 40 ilini Böyük Britaniyada keçirməsi ilə əlaqələndirib.

Qeller qarşılaşmadan əvvəl sosial şəbəkə hesabında Meksika millisinin futbolçularına qədim kristal kəllə vasitəsilə "mental təzyiq" göstərəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu artefaktı vaxtilə telepatiyanın köməyi ilə qədim maya məzarlarında tapıb və onun mənşəyi yerdənkənardır.

İllüzionist özünü müqəddəs və ya peyğəmbər hesab etmədiyini desə də, İngiltərənin qələbəsi naminə bütün "kosmik enerjisindən" istifadə etməyə hazır olduğunu bildirib. Qeller eyni zamanda, İngiltərə millisini mümkün təxribatlar barədə də xəbərdar edib. O iddia edib ki, meksikalı azarkeşlər və jurnalistlər futbolçuların qaldığı otelin qarşısında səs-küy salaraq onların matçdan əvvəlki istirahətini pozmağı planlaşdırıblar.

Bundan başqa, o, vaxtilə Meksikada yaşadığını və ölkənin federal xidmətləri ilə əməkdaşlıq etdiyini deyib. Qeller İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelə təhlükəsizlik tədbirlərini gücləndirməyi, yerli mühafizəçiləri dəyişməyi və futbolçuların qida rasionına ciddi nəzarət etməyi tövsiyə edib.

İllüzionist əsas məqsədinin İngiltərəni dünya çempionu etmək olduğunu bildirib. Bununla yanaşı, ehtiyat variant kimi Argentinanı dəstəkləyəcəyini də açıqlayıb. O, bunu argentinalıların İsrailə rəğbət bəsləməsi ilə əlaqələndirib.

1946-cı ildə Tel-Əvivdə anadan olan Uri Qeller gənclik illərində İsrailin elit desant qüvvələrində xidmət edib. O, polad qaşıqları baxışları ilə əydiyini iddia etdiyi sehrləri sayəsində dünya şöhrəti qazanıb. Hazırda Yaffada ona həsr olunmuş muzey fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar