Avqustun 27-28-də Bakı İdman sarayının arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında karate üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, turnirdə 6 ölkədən (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Küveyt, Misir və Latviya) 1000-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 56 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri məşqçi-müəllimlər Coşqun Sadıqov, Xəyal Məmmədov və Murad Hacızadənin rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.Qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaqlardan ibarət idmançıları 17 qızıl, 15 gümüş və 12 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim olunub.
Avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-nin karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.