“Tuluza” klubunun prezidenti Olivye Sadran Fransa Futbol Federasiyası (FFF) və Peşəkar Futbol Liqasına (LFP) açıq məktubla müraciət edib.
Apasport.az saytının məlumatına görə, klub rəhbəri Liqa1-də koronavirus pandemiyası üzündən dayandırılan mövsümün indiki nəticələrinin yekun kimi tanınmasından narazılığını bildirib.
Bu, turnir cədvəlində sonuncu pillədə qərarlaşan “Tuluza”nın Liqa2-yə yuvarlanması ilə nəticələnəcək. Hadisələrin belə axarı isə klub prezidentini özündən çıxarıb: “Komandanın 27-28 turun nəticələrinə əsasən aşağı dəstəyə göndərilməsi ədalətsiz, qeyri-düzgün və qanunla əsaslanmamış olar. Bu, hakimiyyətdən sui-istifadədir. İstənilən birtərəfli qərar mövcud qaydalara əsaslanmayan tədbirdir. FFF və LFP-dən xahiş edirik ki, öz qaydalarına əməl etsinlər. “Tuluza”nın yarışı davam etdirmək haqqına təsir edən istənilən qərardan dərhal məhkəməyə şikayət olunacaq”.
Qeyd edək ki, 20-ci pillədə qərarlaşan “Tuluza” 28 oyunda cəmi 13 xal toplayıb. Komanda 19-cu pillədən 10, Liqa1-də qalmaq hüququ verən 17-ci yerdən 17 xal geridədir.