Kanoeçilərimizin uğuru “Bakı”nın baş məşqçisini də sevindirdi
19 avqust 2009 11:00 (UTC +04:00)

Kanoeçilərimizin uğuru “Bakı”nın baş məşqçisini də sevindirdi

Kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Azərbaycan milli komandasının tarixi uğura imza atmasını “Bakı” futbol klubunun baş məşqçisi Qyoko Hacievski də sevinclə qarşılayıb. Lent.az-ın məlumatına görə, avqustun 18-də saat 23:30 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul – Bakı reysi ilə gələn həyat yoldaşını və qızını gözləyən makedoniyalı mütəxəssis eyni reyslə paytaxtımıza kanoeçilərimizin də təşrif buyurduqlarını öyrənib.

O, idmançılarımızın 13 – 16 avqustda Kanadanın Dartmut şəhərində keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıqlarını bildikdən sonra şoka düşüb. Hacievski belə mötəbər yarışda avarçəkənlərimizin uğurla çıxış etməsindən təəccübünü gizlətməyib: “Kanoeçiniz dünya çempionu olub? Afərin! Çox sevindim. Avarçəkmə Avropada elitar növlərdən sayılır. Açığı, dünya çempionatında Azərbaycan kanoeçilərinin 1 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edəcəklərini gözləmirdim. “Bakı” klubunun avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin “Bazel” komandası ilə keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü öncəsi belə xəbər almaqdan çox məmnun oldum”.

Qeyd edək ki, “Bazel” klubu Bakıya kanoe üzrə milli komandamızdan təqribən 1 saat öncə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar