İlanlar bağ və həyətyanı sahələrdə ilbiz və gəmiricilərlə qidalandıqları üçün ekosistem üçün faydalı hesab olunsalar da, əksər insanlar onların həyətlərində görünməsini istəmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, The Spruce nəşri ilanların bağdan uzaqlaşdırılması üçün sadə və ekoloji cəhətdən təhlükəsiz üsulları açıqlayıb.
Mütəxəssislərin sözlərinə görə, ilk növbədə həyətin səliqəli saxlanılması vacibdir. Uzun otlar və sıx bitkilər ilanlar üçün gizlənmək baxımından əlverişli mühit yaradır. Buna görə də qazon mütəmadi biçilməli, kol və ağacların aşağı budaqları budanmalı, onların ev və ya qaraj divarlarına toxunmasına imkan verilməməlidir.
Həyətdə yığılıb qalan odun, köhnə taxtalar, tikinti tullantıları və budaq yığınları da ilanlar üçün sığınacaq rolunu oynaya bilər. Bu səbəbdən belə əşyalar ərazidən götürülməli, istifadə üçün saxlanılan odun isə yaşayış binalarından mümkün qədər uzaqda yerləşdirilməlidir.
Mütəxəssislər həmçinin ilanların qida mənbəyini aradan qaldırmağı tövsiyə edirlər. Quş yemliklərindən yerə tökülən toxumlar siçan və siçovulları cəlb edir, bu isə öz növbəsində ilanların həmin əraziyə gəlməsinə səbəb olur. Bunun qarşısını almaq üçün yemliklərin altına xüsusi qablar yerləşdirilməli, ev heyvanlarının yem qalıqları isə açıq havada saxlanmamalıdır.
Bağda gəmiricilərə məxsus köhnə yuvalar aşkar edilərsə, onlar torpaqla doldurulmalı və möhkəm sıxılmalıdır. Çünki ilanlar özləri yuva qazmır, lakin boş qalmış siçan və digər gəmiricilərin yuvalarında məskunlaşırlar. Belə yerlərin üzərinə iri daş və ya möhkəm metal tor da qoymaq olar.
İlanların təbii düşmənlərini bağa cəlb etmək də faydalı üsullardan biri sayılır. Bunun üçün açıq ərazilərdə hündür taxta dirəklər quraşdırmaq məsləhət görülür. Bu dirəklər bayquş və şahin kimi yırtıcı quşlar üçün müşahidə nöqtəsi rolunu oynayır və onların ilan ovlamasını asanlaşdırır.
Əgər bütün bu tədbirlər nəticə verməzsə, mütəxəssislər bağın ətrafına xırda gözlü, möhkəm metal tordan hazırlanmış xüsusi qoruyucu hasarın çəkilməsini tövsiyə edirlər. Belə hasar ilanların əraziyə daxil olmasının qarşısını effektiv şəkildə ala bilər.