Zəngəzur Milli Parkında yetkin erkək və dişi bəbirin birgə fotoşəkilləri və video görüntüləri çəkilib. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Fotoşəkilləri və video görüntülər 2014-cü ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ilə birlikdə Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirdikləri monitorinqlər zamanı qeydə alınıb.
Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan bu faktlar ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin davamı olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.
Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir.