Bakıda məişət tullantıları arasından silah-sursat hissələri tapılıb. Lent.az-ın məlumatına görə, silah-sursat hissələri Balaxanı qəsəbəsindəki “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı aşkarlanıb. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır: 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı, 1 komplek hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi və 1 ədəd tüfəng qundağı.
Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.