Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, korpus generalı Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompüter sinfi, kitabxana, həmçinin, yataqxana kompleksi ilə tanış olublar.
Tanışlıq zamanı bildirilib ki, hərbi tibb fakültəsində yeni yaradılan Simulyasiya Mərkəzi dünyanın qabaqcıl ölkələrində istehsal olunan müasir tədris vasitələri-manikenlər (mulyaj) ilə təchiz edilib. Bu manikenlər üzərində fakültənin kursant və rezidentlərinə magistral damarların pulsasiyası, pataloji ürək tonları, ürək ritminin və ağciyər tənəffüsünün pozulması halları, həmçinin, torokosintez, traxeyanın intubasiyası, plevra boşluğunun drenaj edilməsi, venapunksiya kimi əməliyyatlar öyrədilir. Bu tədris vasitələrinin köməkliyi ilə gələcək hərbi həkimlər yüksək praktik vərdişlərə yiyələnəcəklər.
Sonra brifinq salonunda şəxsi heyətlə görüş keçirilib.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, hərbi tibb təhsilinin bütün formalarının mərkəzləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2000-ci ildə Tibb Universiteti nəzdində hərbi tibb fakültəsinin yaradılması qərara alınıb. 2015-ci ilin fevral ayında Müdafiə nazirinin tapşırığı və dəstəyi ilə nəticəsində fakültənin əsaslı təmiri başlanıb. Hazırda fakültədə təhsil alan kursantlar Silahlı Qüvvələrin şəxsi heyətinin tibbi təminatının müasir tələblərinə cavab verən peşəkar hərbi tibbi kadrlarının əsasını təşkil edirlər.
Ölkəsinin hərbi tibb tarixi haqqında məlumat verən korpus generalı Ö.Paç Azərbaycana səfərindən şərəf duyduğunu, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi hərbi tibb istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim genişləndiyini vurğulayıb.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da bu günün Hərbi tibb fakültəsinin tarixində əlamətdar gün olduğunu və yeni binada kursantlar üçün bütün şəraitin yaradıldığını bildirib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığa toxunan nazir bu istiqamətdə təhsil, təcrübə mübadiləsi və digər görülən işləri, qardaş ölkənin daimi dəstəyini yüksək qiymətləndirib.
Müdafiə naziri son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.
"Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı, əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına, ümumilikdə döyüş hazırlığına təsir edən əsas faktorlardan biridir. Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş meydanında rolu əvəzsizdir və danılmazdır", - deyə Müdafiə naziri bildirib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənovun və korpus generalı Ö.Paçın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.