Dövlət Gömrük Komitəsi Azərbaycanda fəaliyyət göstərən qəzetlə bağlı məlumat yayıb.
Lent.az quruma istinadən xəbər verir verir ki, Dövlət Gömrük Komitəsi və onun əməkdaşları haqqında yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla qurumun və onun əməkdaşlarının şərəf və ləyaqətini alçaldan “Təzadlar” qəzeti və həmin qəzetdə yayımlanan şeirin müəllifi təkzib yayaraq üzr istəyiblər: "Sözügedən şeir “Təzadlar” qəzetinin 2016-cı ilin 01 mart tarixli sayında çap olunub. Özünü satirik şair kimi təqdim edən Məmməd Əfşan təxəllüslü, Məmmədov Məmməd Hüseyin oğlunun müəllifi olduğu şeirdə satira əvəzinə Dövlət Gömrük Komitəsi və onun əməkdaşlarının ünvanına böhtan xarakterli məlumatlar, gömrükçülərin şərəf və ləyaqətini alçaldan ifadələr əksini tapıb".
Məlumatda bildirilir ki, bununla əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən Yasamal Rayon Məhkəməsində “Təzadlar” qəzetinin baş redaktoru və şeirin müəllifinə qarşı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 147.2 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət işinin başlanması üçün qərar qəbul edilməklə onların cəzalandırılması barədə iddia qaldırılıb.
Dövlət Gömrük Komitəsinin iddiası ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və iclasdan sonra həmin qəzetdə “Təzadlar təkzib edir” başlığı altında yazı dərc olunub. Yazıda şeirin müəllifi Məmmədov Məmməd Hüseyn oğlu niyyətinin komitənin işgüzar nüfuzuna xələl gətirmək və gömrükçüləri təhqir etmək olmadığını bildirərək üzrxahlığını ifadə edib: “Həmin şeir satirik üslubda yazılmışdır və qəti surətdə təkzib edirəm ki, “Gömrükdədi” şeirində hörmətli Aydın Əliyevi, yaxud da Azərbaycan Gömrük Komitəsini nəzərdə tutmamışam. Əksinə, cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən son iclaslarda da hörmətli dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın gömrük sistemində islahatlar uğurla davam etdirilir və bu proses Azərbaycanın daxili bazarını qorumaq üçün bundan sonra da davamlı olmalıdır... Azərbaycan Gömrük Komitəsində son illər aparılan bu islahatlar nəticəsində ölkənin giriş-çıxış məntəqələrində müasir üslubda gömrük terminalları tikilib istifadəyə verilmiş, komitənin kadr potensialı təkmilləşdirilmiş, müasir texniki vasitələrlə təchiz olunmuşdur. Mən bunların hamısından xəbərdaram və təqdir edirəm. Ola bilər ki, kimlərsə şeirdəki mücərrəd, ünvansız, satirik dildə deyilmiş bəzi tənqidi fikirləri özünə və öz fəaliyyətinə şamil edib, amma görünən budur ki, mənim nə cənab Aydın Əliyevə, nə də Azərbaycan Gömrük Komitəsinə qarşı hansısa bir qərəzim yoxdur, ola da bilməz...”.
Bütün media orqanları ilə daim işgüzar və dostluq münasibətlərində fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi təkzib və üzrxahlığı nəzərə alaraq məhkəmədən yuxarıda qeyd olunan iddiasını geri götürmək barədə qərar qəbul edib.
Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını komitənin və onun əməkdaşlarının fəaliyyəti ilə bağlı reportaj və məlumat yayımlayarkən diqqətli olmağa, qarşı tərəfin rəyini öyrənmədən həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır. Əks halda Komitə yalan və böhtan xarakterli məlumatları yayan qurum və şəxslərlə münasibətlərinə hüquqi müstəvidə aydınlıq gətirəcək.